Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb

2023-07-26 Baxış: 149
img

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır.

İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür.

Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti- quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura , həm də Qarabağa Böyük qayıdış artıq başlayıb.

Ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndindən başlayan köç hazırda Laçın şəhəri ilə davam edir. Bu günə qədər isə Ağalı, Tərtərin Talış kəndi və Laçın şəhərində ümumilikdə 1000-dən çox sakin məskunlaşıb. Proses isə davam etməkdədir.

Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də Qarabağın Mədəniyyət paytaxtı olan Şuşa  şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Çox böyük rezonans doğuran bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumları  qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir ki,  Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində.

Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.

 

Şölə Bağırova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatı sədrinin müavini