Əməkdaşlığın inkişaf dinamikası

2023-08-28 Baxış: 162
img
“Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.
Məhz iki liderin səyləri ilə 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlər yaradılıb, 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu münasibətlərin davamı kimi ölkələrimiz arasında müxtəlif illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa, dostluq və tərəfdaşlığa zəmin yaradan sənədlər imzalanıb. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, Ulu Öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir”.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü