Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri: 26.06.2022 Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq

2023-09-04 Baxış: 157
img

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə-2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi.  Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır”.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022- ci il  iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.

Görülən işlərlə bağlı məlumat verilərkən bildirildi ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır.

Qeyd olundu ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

Zaman 2011-ci il, dekabrın 24-ü, məkan Ağcabədi. 50 yaşı tamam olan Prezident İlham Əliyev doğum gününü dəbdəbəli şəkildə deyil, insanların içində, sevgi, ehtiramla yanaşdığı xalqı ilə - Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edir, yubileyində doğum gününün sevincini onlarla bölüşür. Prezident İlham Əliyev Ağcabədinin Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında bəyan edir ki, bu, müvəqqəti yaşayış məntəqəsidir. Ölkəmizin başçısı daha sonra qətiyyətlə vurğulayır ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikiləcək.

Ərazi bütövlüyümüzün bərpa olunacağının anonsunu verən Prezident İlham Əliyev fikrində qətidir və buna şübhə etmir. Həmin vaxtdan 9 il keçdi və Prezident xalqa verdiyi sözü gerçəyə çevirdi. 30 il həsrətində qaldığımız, yalnız xəyallarımızda yer alan vətən torpaqları işğaldan azad edildi, ruhumuzun və mədəniyyətimizin paytaxtı olan Şuşada üç rəngli bayrağımız ucaldıldı. Dünya Azərbaycan ordusunun gücünə şahid oldu.

 

Nəriman Mecidov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü