DÖVLƏTƏ, DÖVLƏTÇİLİYƏ HƏSR OLUNMUŞ ÖMÜR

2023-09-24 Baxış: 325
img
Oktay Ərəstun oğlu Kərimov 1951- ci il sentyabr ayının 24-də Neftçala rayonunun Kurkosa kəndində müəllim ailəsində anadan olmuşdur. Onun ömür yoluna nəzər salanda belə demək olar ki, o, sözün əsl mənasında mənalı, bütövlükdə Vətənə, Xalqa həsr olunmuş şərəfli bir ömür yolu keçmişdir.
      O, 1969- cü ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra, əmək fəaliyyətinə Yeni Neftçala Yod Brom zavodunda fəhlə kimi başlamışdır. Hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Oktay Kərimov əvvəlcə  Salyan Rayon Komsomol Komitəsində təlimatçı, sanra isə Salyan Neft və Qazçıxarma İdarəsində Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir.
      1973- cü ildə Neftçala rayonu Salyan rayonundan ayrıldıqdan sonra Oktay Kərimov Neftçala rayon Komsomol Komitəsində komsomol təşkilatlatları şöbəsinin müdiri, Rayon Partiya Komitəsində təlimatçı, Rayon Komsomol Komitəsinin 1 ci katibi vəzifələrində işləmişdir. Komsomol işində pillə pillə  addımlayan Oktay Kərimov bu orqanda işlədiyi müddət ərzində əsl qaynar komsomol həyatı yaşamış, geniş təşkilatçılıq işi aparmış, komsomolçu  gənclərin mənəvi tərbiyəsinin yüksəldilməsi, onların vətənin sahibi hissi ruhunda tərbiyə olunması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Oktay Kərimovun yüksək təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, insanlarla işləmək bacarığı diqqətdən yayınmamış və o, hələ gənc  ikən çox məsul bir vəzifəyə, Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir. Bu orqanda işlədiyi müddət ərzində o. rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsi, istiqamətində geniş iş aparmış, xalq nəzarətçilərinin qüvvəsini dövlət əmlakının qorunmasına, təsərrüfatsızlıq hallarına  qarşı mübarizəyə sərf  edə bilmişdir.
     Azərbaycan Dövlət Müstəqilliyi əldə etdikdən sonra Rayon Xalq Nəzarəti Komitələri ləğv edilir və Oktay Kərimov yeni yaradılmış Əhalinin Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin olunur. O, burada da əhalinin məşğulluq problemlərinin həllinə  və sahənin inkişaf etdirilməsinə öz töhfəsini verə bilir.
      Xalqımızın ağrılı acılı gönlərində Oktay Kərimov da Respublikamızda gedən içtimai siyasi proseslərdən kənarda qalmamış, hadisələrin fəal iştirakçısı olmuşdur. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının yaradıcılarından biri də məhz odur. O,  Ulu Öndərimiz siyasi məktəbinin sadiq yetirməsi kimi dövlətimizə, dövlətçiliyimizə daim bağlıolmuş, Heydər Əliyev ideyalarını yorulmadan, bacarıqla təbliğ edib yaymışdır. O, 2006-cı ilə kimi Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatın rəhbərlik etmişdir. 1999-cu ilə kimi sədr müavini, 1999-cu ildən 2006-cı ilə kimi rayon təşkilatının sədri olmuşdur. Bu illər ərzində rayon partiya təşkilatı inkişaf etmiş, möhkəmlənmiş və respublika partiya təşkilatı sıralarında öz layiqli yerini tutmuşdur. Hazırda partiyanın fəal üzvü, YAP rayon təşkilatının yaradıcılarından biri olan Oktay Kərimov öz dəyərli tövsiyələri və məsləhətləri ilə partiyanın bütün tədbirlərinin fəal iştirakçısıdır.
      Xalq Cəbhəsinin hakimiyyəti dövründə işsiz qalan Oktay Kərimov sonradan Rayon Sovetinin sədr müavini, Rayon Xalq Deputatları Sovetinin sədri, Rayon İcra Hakimiyyəti Başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini kimi məsul vəzifələrdə işləmişdir. O, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsi, habelə təhsilin, səhiyyənin,  mədəniyyətin daha da inkişaf etdirilməsi, gə  lərlə işin təşkili istiqamətində geniş təşkilatçılıq işi aparmışdır.
        Oktay Kərimov rayonumuzun, eləcə də respublikamızın içtimai sayasi həyatında da fəal iştirak etmişdir. O, üç çağırış rayon Xalq Deputatları Sovetinin deputatı, uzun illər Rayon Partiya Komitəsinin büro üzvü, Yeni Azərbaycan Partiyasının 1-ci, 2-ci 3-cü, Respublika Komsomolunun qurultaylarının nümayəndəsi, Gənclərin 1-ci, 2-ci, 3-cü Forumunun iştirakçısı, Azerbaycan KP MK nın, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin, Respublika Xalq Nəzarəti Komitəsinin plenumlarının, fəallar yığıncaqlarının, elmi praktiki konfranslarının, Azərbaycan Respublikasının və Respublika Komsomolunun  60 illik yubiley mərasimlərinin iştirakçısı olmuşdur.
       Oktay Kərimovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O,SSSRİ ALI Sovetinin Rəyasət heyətinin Fərmanı ilə "Əmək Rəşadətinə" görə medalı, SSRİ Xalq  Təsərrüfatı Nəaliyyətləri Sərgisinin gümüş medalı, SSRİ Xalq Nəzarəti Komitəsinin" Xalq Nəzarətçisi " medalı ilə, dəfələrlə Ümumittifaq, və Azərbaycan Komsomolu Mərkəzi Komitələrinin Fəxri Fərmanlarına layiq görülmüşdür.
      Oktay Kərimov 1978-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Yanında Zaqafqaziya Komsomol məktəbini bitirmişdir. Harada, hansı məsul vəzifədə işləməsindən asılı olmayaraq o, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmuş, öz işinə dərin məsuliyyət hissi ilə yanaşmış, insanlara, onların problemlərinin həllinə həmişə böyük həssaslıq və qayğı ilə yanaşmışdır. Onun keçdiyi ömür yolu dövlət qulluğunda çalışanların çoxları üçün nümunədir, həm də ziyalılıq nümunəsi. O, Dövlət qulluğunun müşaviridir.
  Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə Oktay Kərimiov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi /1918._ 2018/ YUBİLEY medalı ilə təltif edilmişdir.
      Oktay Kərimov səhhətində yaranmış problemlərə görə 2006- cı ildə əmək pensiyasına  çıxmışdır. Pensiyaya çıxmasından asılı olmayaraq o yenə də rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak edir, necə deyərlər heç kimdən öz köməyini, dəyərli, məzmunlu tövsiyələrini əsirgəmir. O həm də gözəl ailə başçısıdır. İki oğlu, bir qız övladı, 7 nəvəsi vardır. Böyük oğlu tarix üzrə fəlsəfə doktorudur, kiçik oğlu Odlar yurdu Universitetini bitirmişdir. Hər iki oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qızı 3 saylı tam orta məktəbdə müəllimə işləyir.

Xeyirxah insan ,dəyərli ziyalı Oktay Kərimova can sağlığı, onu daim məmnun edən gözəl günlər diləyirik .

Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri