27 sentyabr Anım Günü həm də, tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır!

2023-09-26 Baxış: 177
img

Azərbaycan xalqının şanlı tarixinə “Anim Günü” kimi düşmüş 27 sentyabr tarixinin artıq üçüncü il dönümünü qeyd edirik. O tarix ki, anım günü, hüzn günü olmasına rəğmən, həm də qürur, şərəf tariximizin yazıldığı səhifənin başlağıcıdır. Məhz həmin gün Ermənistanın silahlı qüvvələri torpaqlarımızı 30 ilə yaxın işğalda saxlamasına baxmayaraq, bir qədər də azğınlıq nümayiş etdirərək, imzalanmış atəşkəs rejimini kobudcasına pozdu. Demək olar ki, qoşunların yerləşdiyi bütün təmas xətti boyunca genişmiqyaslı hərbi təxibatlara başladı. Düşmən tərəfindən başladılan bu təxribat artıq Azərbaycan xalqının, Azərbaycan ordusunun səbr kasasını daşdırdı. Beləliklə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixindən başlayaraq düşmənin genişmiqyaslı hərbi təxribatlarının qarşısını almaqdan ötrü əks-hücum əməliyyatlarına başladı. Aparılan hərbi əməliyyatlar cəmi 44 gün davam etdi. Həmin müharibə Azərbaycanın şanlı tarixinə Vətən Müharibəsi kimi daxil oldu. Düşmənin öz “ordusu” haqqında yaratdığı mifik obraz aparılan döyüşlərə cəmi 44 gün davam gətirdi. Nəticədə döyüş meydanında Ermənistan ordusunun, siyasi meydanda isə hakimiyyətinin darmadağın olduğu 44 günlük döyüşlərin sonu düşmənin kapitulyasiyası ilə nəticələdi. On illiklər ərzində Ölkəmiz işğala məruz qalmasına baxmayaraq hər zaman problemin sülh yolu ilə həll edilməsində maraqlı tərəf kimi çıxış edirdi. Amma təssüflər olsun ki düşmən bunu heç vaxt başa düşmədi. Bir zaman gələcək ki, Azərbaycanın öz tarixi və hüquqi torpaqlarına sahiblənəcəyini ağlına belə gətirmədi. Nəticə isə göz qabağındadır. Düşmən dövlətin bu günki vəziyyəti, orada baş verənlər, vətəndaş müharibəsinin qığılcımları, ordunun taamailə məhv olması rəsmi İrəvanın gec də olsa doğru qərarlar qəbul etməsini şərtləndirir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün sülh əlini düşmənə uzadıb. Əlbəttə müharibə itkisiz olmaz deyərlər. Aparılan ağır döyüşlər zamanı Azərbaycan tərəfi də Şəhidlər verdi, minlərlə gəncimiz sağlamlıqlarını itirdi. Bu gün hər bir Şəhid ailəsi, qazilərimiz, müharibə iştirakçıları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatələnib, onların problemlərinin həlli Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dövlət siyasətinin vacib tərkib hissələrindən biridir. Artıq bu günlərdə doğma Qarabağımızda, eləcə də yerləşdiyimiz regionda  baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan istədiyi, qarşısına qoyduğu bütün məqsədlərə nail olmaq gücündədir. İnanırıq ki, Müzəffər Ölkəmiz və xalqımız bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, daha böyük zirvələrə doğru inamla addımlayacaqdır!.

 

Rabil Əliyev;

Neftçala rayon sakini, Şəhid atası