Ermənistanın Azərbaycana qarşı törətdiyi “mina terroru.”

2023-09-27 Baxış: 170
img

Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb.  Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar da basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.

Məhz Ermənistanın çirkin “oyunları”nın nəticəsidir ki,  44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik. Ermənistan mənfur xislətinə sadiq qalaraq, ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Bununla da Ermənistanın əsas məqsədlərindən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. “Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir. Diqqəti cəlb edən məsələlərdən biri də odur ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tank və piyada əleyhinə mina istehsalını sürətlə artırdı.  Buradaca bir faktı da qeyd etmək yerinə düşərdi. Belə ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını dolu mina basdırdığını etiraf etmişdi.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində ümumilikdə 1 milyondan çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Vətən müharibəai başa çatandan bu günədək isə 300-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

 

Əfsanə Abdullazadə,

YAP Neftçala rayon təşkilatının üzvü