Dövlət hər zaman öz əsgərinin yanındadır.

2023-09-27 Baxış: 190
img

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına göstərilən ali ehtiramın təzahürüdür.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdu. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.

 

Vətən müharibəsinin gedişində bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördü. Beynəlxalq ictimaiyyətə Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir.  Bütün bunlar Azərbaycanı öz haqq savaşından yayındırmadı, əksinə, milli ruhun yüksəlməsi torpaqlarımızın işğaldan azad olunması prosesini sürətləndirdi. Cəmi 44 gün ərzində Ermənistanın bütün məkrli planlarına baxmayaraq, ərazi bütövlüyümüz təmin olundu. Biz, hər birimiz Vətənimizi bütöv edən şəhidlərimizə, qazilərimizə əbədi borcluyuq.

 

Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində məhz vətəndaş məmnunluğu prinsipini əsas amil kimi tutan dövlətdir. "Mən hər zaman qazilərin yanında olacağam", - deyən Prezident cənab İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

 

Tükəzban Mehtiyeva,

 

YAP Neftçala rayon təşkilatı

 

Ərazi partiya təşkilatının sədr müavini