Düşmənin gözünə qorxu salan birgə hərbi təlimlər

2023-09-28 Baxış: 259
img

Bütün sahələrdə olduğu kimi Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də məqsədəmüvafiq işlər həyata keçirilməkdədir. Bu hərbi əməkdaşlığın böyük tarixi vardır. Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəqilliyimizin ilk illərində tarixi zərurətə çevrilmişdi. Azərbaycanın hərbi təhlükəsizliyinə böyük təhdid yaranmış həmin mövcud  vəziyyətdə hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, işğal olunmuş torpaqların azad olunmasında, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud olmuş hərbi əməkdaşlıq əlaqələri bu gün də öz inkişaf mərhələsində davam edir. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.Ta qədim zamandan iki qardaş dövlət Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq əlaqələri, eləcə də hərbi-strateji əlaqələr bu gün öz inkişaf mərhələsindədir. Və biz inanırıq ki, bu iki dövlət arasındakı əlaqələr bundan sonra da möhkəmlənərək daha da inkişaf edəcəkdir.

Mehrac Gözəlov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri