“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”.

2023-09-29 Baxış: 146
img

Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. İqtisadi əlaqələrə gəlincə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Keçən il bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çox olub. “Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib: “Düzdür, hədəf çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq”.

Yeni reallıqlar fonunda iki ölkənin strateji gündəliyinin mühüm tərkib hissəsi regional əməkdaşlıq və təhlükəsizliklə əlaqədardır. Xüsusilə də, bölgədə kommunikasiyaların bərpası, konkret olaraq Zəngəzur dəhlizinin yaradılması məsələsi ayrıca diqqət mərkəzindədir. Bu, həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra hər iki ölkənin coğrafi bağları daha da güclənəcək, eləcə də bu fakt bütövlükdə regionun rifahına əhəmiyyətli təsir göstərəcək. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Xüsusilə, Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının coğrafi bağlantısına səbəb olacaq. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması həm iqtisadi və siyasi, həm də strateji önəmə malikdir.
Nəticə etibarilə, Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam yaradırlar. Bu, sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməklə ölkələrimizin, dost və tərəfdaş dövlətlərin, həmçinin konstruktiv əməkdaşlıqda maraqlı olan qüvvələrin qarşısında yeni və mühüm perspektivlər açır.

Türkiyə Cumhuriyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Azərbaycanla Türkiyə arasında kommunikasiyalara, eləcə də Zəngəzur dəhlizinə böyük töfhə verəcək Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev mətbuata birgə bəyanatda Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi dəyərləndirdi: “Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik...”.

 

Gülrux Nağıyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini