İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi.

2023-09-29 Baxış: 184
img

Prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük  İkinci Qarabağ müharibəsinin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” söyləməsi  xalqımıza siyasi, mənəvi dəstək oldu. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla hansı  imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Müharibənin başlandığı andan xarici mətbuata çoxsaylı müsahibələrində dövlət başçısı İlham Əliyev Qələbəmizə böyük əminliyini ifadə edərək, Azərbaycanın gələcəyə hansı hədəflərlə getdiyini açıqladı. Təbii ki, bu inam, ölkəmizin malik olduğu imkanlara, ordumuzun gücünü, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğuna əsaslanırdı. Azərbaycan 44 gündə tarixi Zəfərə imza atmaqla dünya hərb tarixinə yeni səhifə  yazdı.

 

Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi yer tutur ki, qardaş Türkiyə 44 gündə Azərbaycanı tək qoymadı, eyni zamanda, tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş miqyas almasında bu birlik öz sözünü dedi. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir  ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad,  inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.

 

Təbii ki, Azərbaycan-Türkiyə qardaşlığından irəli gələn mühüm addımları xeyli sayda sadalamaq olar. Qarşılıqlı səfərlər bu əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Hər bir səfər müəyyən istiqamətlərin inkişafına xidmət edən sənədlərin imzalanması ilə yadda qalır. Daim bir yerdə olmaq, bir-birinə dəstək göstərmək etimad mühitinin göstəricisidir. Ən çətin, eyni zamanda, sevincli anlarda  bir yerdə olan iki qardaş ölkə dünyaya birliyin, həmrəyliyin modelini təqdim edir. Bu gün qürurla qeyd edirik ki, Türkiyə Prezidenti üçün yalnız paytaxt Bakı deyil, bütün bölgələrimiz maraqlıdır. Prezidentlər  Rəcəb Tayyib Ərdoğan və  İlham Əliyev Naxçıvanda imza atdıqları sənədlər, qarşıya qoyduqları hədəflər fonunda dünyaya mesajlarını çatdırdılar: Türk dünyası böyük qüvvədir.

 

Ülviyyə Abdullayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri