Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik.

2023-10-02 Baxış: 157
img

Hazırda Cənubi Qafqaz aktiv geosiyasi proseslərin cərəyan etdiyi məkan olaraq qalır. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərək qələbə qazanması regiondakı siyasi və hərbi  vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Ölkəmizin yaratdığı yeni reallıqlar isə bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan,  Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıması ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Azərbaycanın bu təşəbbüsləri qardaş Türkiyə tərəfindən də dəstəklənir və hər iki ölkə bölgənin tərəqqisi naminə sülh mühitini reallaşdırmağa çalışır.

Azərbaycan və Türkiyənin təşəbbüsləri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir. Bunun üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, eləcə də Qarabağdakı erməni sakinlərimizin bizim cəmiyyətimizə inteqrasiya sürətləndirilməlidir. Artıq inteqrasiya prosesinə start verilib. NATO-nun ən güclü dövlətlərindən olan Türkiyənin bölgə ilə bağlı mövqeyi də prosesdə həlledici amillərdən biridir. Sentyabrın 25-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda mətbuata bəyanatında deyib ki, bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndirilməli olduğuna inamını ifadə edən cənab Ərdoğan Ermənistana çağırış edərək deyib: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.

 

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri