“Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.”

2023-10-02 Baxış: 187
img

Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

        Hər iki dövlət başçısının çıxışlarında bir daha bəyan edilib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. Dövlətimizin başçısı deyib: “Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Biz hər yerdə, hər addımda görürük ki, ölkəmizdə Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Azərbaycan xalqı aydın gördü ki, onun əsl dostu, qardaşı kimdir. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Tutduğumuz bu yol əbədi olmalıdır.”     

      Cənab İlham Əliyev bildirib ki, səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

        “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması dövlətlər arasında münasibətlərin səviyyəsini və inkişaf dinamikasını nümayiş etdirir.

       Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən sənədlərin izalanmasından sonra bəyanatındada mühüm mesajlar öz əksini tapıb: “Son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram.”

“Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Aynurə Aslanova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri