Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu.

2023-10-03 Baxış: 176
img

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğal dövründə Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında diplomatik yolla həll olunmasına çalışırdı. Ümumiyyətlə, sözügedən münaqişə ilə bağlı beynəlxalq aləmin mövqeyi də bunu deməyə əsas verir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğal etmişdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi. qətnamələrdə də bildirilirdi ki, Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərini zorla dəyişdirməyə cəhd göstərib və işğal faktı ortadan qaldırılmalı, Ermənistan qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan isə 30 ilə yaxın müddət ərzində beynəlxalq öhdəliklərini həyata keçirməkdən boyun qaçırırdı.

Ermənistanın təcavüzkar davranışları təkcə BMT-nin deyil, demək olar ki, bütün beynəlxalq təşkilatların qınaq və bəyanatlarına səbəb olmuşdu. Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin 25 dekabrında qış sessiyasında aparılan müzakirədə “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edilmişdi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etmişdi. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin (yəni Ermənistanın-P.S.) digər ölkənin (yəni Azərbaycanın-P.S.) ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etmişdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını NATO, Aİ, İƏT və s. regional və ixtisaslaşmış beynəlxalq təşkilatlar da pisləmiş, Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirmişdilər.

Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatı ilə uzun müddət işğal qalan torpaqlarını azad etdi. Bununla da, Azərbaycan həm də beynəlxalq təşkilatların müvafiq qərarlarının icrasına nail oldu. Sentyabrın 29-da azad Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha Ermənistanın ötən illər ərzində beynəlxalq öhdəliklərinə məhəl qoymadığını vurğulayaraq bildirdi ki, “Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.”

 

Yalçın Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri