“Azərbaycan - Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi

2023-10-06 Baxış: 163
img

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Azərbaycan Prezidentinin regiona növbəti səfərlərindən biri məhz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə reallaşıb. 20 oktyabr 2022-ci il tarixdə reallaşan tarixi səfər zamanı dövlət başçıları bir neçə açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. Bu, iki dövlət arasında qardaşılığın və əməkdaşlığın təzahürü olmaqla yanaşı, həm də münasibətlərin səviyyəsindən xəbər verir.

İki dövlət başçısının həmin səfər zamanı iştirak etdiyi tədbirlərdən biri də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi olub. Mərasimdə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması nəzərdə tutulub.

Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir. Kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” yaradılacaq. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə mütəxəssislərinə təlimlər keçiriləcək. Yaxın gələcəkdə mərkəzin elektrik təchizatı üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması da planlaşdırılır.

“Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq. Layihə ərazisində torpaqqazma və doldurma işlərinə ötən il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur.

 

İlham Gözəlov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri