Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu.

2023-10-09 Baxış: 155
img

Nüfuzlu beynəlxalq tədbir olan Beynəlxalq Astronavtika Konqresi 1951-ci ildən etibarən təşkil edilməkdədir. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan bu sahədə mütəxəssislərini yetişdirir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bu istiqamətdəki fəaliyyətlər dövlətin strateji prioritetini təşkil edir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdü.

Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Azərbaycan məhz fəal xarici siyasət vasitəsilə beynəlxalq aləmdə öz layiqli yerini tutub. Məhz bu amil Vətən müharibəsinə qədər və müharibə dövründə Azərbaycan haqq işinə müstəsna dəstək göstərib. Belə ki, Azərbaycan müxtəlif platformalar vasitəsilə Ermənistanın uzun illər torpaqlarımızı işğal altında saxladığını, eləcə də yeni təxriabatlara hazırlaşdığı dünyaya çatdırıb. Beynəlxalq tərəfdaşlar Azərbaycanın ərazi bütövlüyünü və haqq işini dəstəkləyiblər.

Beynəlxalq arena, eləcə də bu qəbildən olan əhəmiyyətli tədbirlər hər bir ölkənin malik olduğu imkanlarla yanaşı, həqiqətlərinin təbliğində öz sözünü deyir. Belə ki, dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bir daha diqqəti 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək bildirdi ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı: “Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.”

Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Ümumilikdə ölkəmiz hər bir sahədə qazandığı təcrübəni bölüşmək istəyini ortya qoyur. Yeni iqtisadi və sosial çağırışların, dünyanın xarici siyasətinin, həmçinin texnoloji gündəliyinin müzakirəsi üçün Azərbaycanın ideal məkan kimi qəbul olunması deyilənlərin təsdiqidir.

 

Namiq Məmmədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri