Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.

2023-10-11 Baxış: 185
img

Təsadüfi deyildir ki, Ulu Öndərin böyük etimad göstərdiyi İlham Əliyev 15 oktyabr 2003-cü il tarixdə keçirilmiş seçkilərdə 76 faizdən çox səslə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Azərbaycanın lideri İlham Əliyev gördüyü işlərlə, yorulmadan və davamlı şəkildə çalışması, müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrildi. Bu, bundan sonra da belə olacaqdır. Cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini təsdiqləyən çox mühüm amillərdən biri Onun ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik etməsidir. Son 20 ildə görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılıb. 2021-ci ilin 5 mart tarixində partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunub və bununla da partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradılıb. Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına başlanılıb. Şübhəsiz ki, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan olacaq. Bütövlükdə, VII qurultay həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni zamanda, regionun ən böyük və güclü partiyasıdır. YAP, eyni zamanda, mütərəqqi ideyalarla çıxış edən - yenilikçi siyasi qüvvə kimi fərqlənir. Özündə yüksək intellektual potensialı birləşdirən partiyanın fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.

Beləliklə, cənab İlham Əliyevin Sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da artıb və partiya qarşıda duran milli hədəflərə çatmaq istiqamətində öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bir sözlə, qalib xalqın Zəfər partiyası öz yolunda inamla və əmin addımlarla irəliləyir!

 

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi