Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

2023-10-12 Baxış: 116
img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə toxunulub. Qeyd edilib ki, hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Dövlət başçılarının ənənəvi görüşləri iki dost və qardaş ölkələrin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də belədir. Bu dostluq əlaqələri həm ölkələrimiz üçün o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimiz arasında parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələri davam edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Ali qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərinin nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir. Parlament komitələri arasında da sıx əlaqələr mövcuddur. Bütün bunlar Azərbaycanın qonşu ölkələri ilə yüksək səviyyəli münasibətlərinin göstəricisidir. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində, informasiya və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çox əhəmiyyətlidir.

                                                                                                

Ağabəy Xankişiyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri