19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi.

2023-10-16 Baxış: 162
img

Azərbaycan dövləti və xalqı tarixinin yeni dönəminə qədəm qoyub. Sentyabr ayının 19-20-də, cəmi 23 saat ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının sonuncu dəfə 1991-ci il Alma-atı Bəyannaməsi ilə qəbul olunmuş rəsmi dövlət sərhədləri tamamilə bərpa edilib. Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü növbəti dəfə öz gücü və imkanları hesabına təmin olunub. Xalqımız üçün son dərəcədə ağır və mürəkkəb tarixi şəraitdə keçən 32 illik bir dönəm Azərbaycanın yeni Zəfəri ilə möhürlənib. İkinci Qarabağ müharibəsi ilə təməli qoyulmuş mövcud uğurlu zəmin üzərində tariximizin sonrakı zəfər səhifələrinin yazılacağına inam daha da möhkəmləndirilib.

Azərbaycanla Ermənistan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini, - "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir", - Azərbaycan öz gücü ilə reallaşdırdı. Hazırda müvafiq dövlət qurumlarımızın nümayəndələrindən ibarət şəxslər tərəfindən Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah olunması və Azərbaycan ərazisindən çıxarılması prosesi davam etdirilir. Halbuki 3 ilə yaxın bir dövrdə Ermənistan nəinki bu öhdəliyin yerinə yetirilməsinə cəhd göstərirdi, əksinə, onu əvəz etmək üçün bölgədə yerləşən məlum sülhməramlı kontingentin və bu ölkəni revanşizmə həvəsləndirən dövlətlərin və qüvvələrin dəstəyi ilə daha intensiv silahlanmaqda idi.

Ermənistan rəhbərliyi səviyyəsində Qarabağın Azərbaycan ərazisi kimi tanımasından sonrakı müddətdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın suveren ərazisindən çıxarılmadı, əksinə, qanunsuz silahlanma, yeni silahlı dəstələrin hazırlanması, yerli separatçıların növbəti təxribatlara həvəsləndirilməsi, mövqelərimiz qarşısında istehkamlar qurulması cəhdləri və sair hərəkətlərə rəvac verilməsi halları daha da artmaqda idi. Nəticə, zirehli texnika, artilleriya, hava hücumuna qarşı ən müasir qurğuların, radioelektron mübarizə vasitələrinin, zirehli nəqliyyatın, müdafiə istehkamlarının, bir sözlə, hərbi infrastrukturun məhv edilməsi ilə bir hissəsi "yardım" olan yüz milyonlarla vəsaitin göyə sovrulması.

Antiterror tədbirləri ilə Qarabağda və Şərqi Zəngəzurda dinc quruculuq işləri ilə məşğul olan, tarixi torpaqlarımıza, öz dədə-baba yurdlarına qayıdaraq yeni firavan həyatına başlayan insanlarımız Ermənistanın mina terrorundan xilas edildi. Təəssüf ki, Ermənistanın ikinci Qarabağ müharibəsindən əvvəl və sonra gətirib Qarabağda və Şərqi Zəngəzurda məqsədyönlü şəkildə yerləşdirdiyi minalar 300 nəfərdən çox azərbaycanlı həyatını itirib, yaxud ağır yaralanıb. Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinin başlanmasının səbəblərindən biri də sentyabr ayının 19-da 2 nəfər mülki vətəndaşımızın və 4 nəfər polis əməkdaşının mina terrorunun qurbanı olması idi. Azərbaycana qarşı başladılmış amansız mina terrorunun dayandırılması böyük turizm potensialı olan bölgəyə xarici sərmayə yatırımı və turist axını baxımından da uğurlu olacaq.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə sürətlənən bölgənin separatizmdən və terrorçuluqdan xilasetmə prosesini Azərbaycan dövləti siyasi iradə, ardıcıl diplomatik addımlar və məharətli hərb-təhlükəsizlik tədbirləri ilə öz məntiqi sonluğuna çatdırdı. Necə deyərlər, mükəmməl altyapılı lokal antiterror tədbirləri nəticəsində terrorçular, xunta rejimini və qanunsuz silahlı dəstələri idarə və himayə edənlər sərt şəkildə cəzalandırıldı. Vətən müharibəsində aldığı sarsıdıcı zərbədən hələ tam özünə gəlməyən Ermənistan isə bir daha əmin oldu ki, Azərbaycana qarşı istənilən təxribatın bumeranq effekti ağır olacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2023-cü il sentyabrın 19-da yaydığı məlumatda Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcək. Bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icmasının nümayəndələri səhəri gün bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar. Sentyabrın 21-də isə ermənilərin bir vaxt ordu ilə gələcəklərini iddia etdikləri Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi ilə onların görüşü baş tutdu. Rəsmi məlumata görə, bu görüşdə qarşı tərəfə bir sıra mesajlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasını qəbul edib, onun normalarına uyğun yaşayacaqları təqdirdə, çoxmillətli, çoxkonfessiyalı dövlətin bərabərhüquqlu üzvünə çevriləcəkləri aydın şəkildə çatdırılıb. Yəqin xunta rejiminin təzyiq və təhdidlərindən qurtarılmış Qarabağın erməni icması Azərbaycanın bu humanitar münasibətinə uyğun davranmaqla özünün firavan gələcəyinə zəmin yarada biləcək.

Azərbaycanın lokal antiterror tədbirləri ilə yaratdığı əsas imkanlardan biri məhz Qarabağın erməni sakinlərinin qorxudan, kriminala, qanunsuzluğa məcbur edilməkdən uzaq, azad vətəndaş kimi yaşamaq şansları olacaq. Bunu isə onlara, artıq özlərinin də əmin olduqları kimi yalnız Azərbaycan verə bilər. Həmin görüşdən dərhal sonra ərzaq və digər zəruri vasitələrdən ibarət humanitar yük karvanının Xankəndinə istiqamət alması aydın göstərir. Bir sözlə, Qarabağın erməni əsilli sakinləri üçün yeni tarixi bir şans yaradılıb. Azərbaycanın bütün Qarabağı və Şərqi Zəngəzuru gülüstana çevirmək niyyəti və iki il yarım ərzində onun reallaşması yolunda atılan uğurlu addımlar Qarabağın erməni icması üçün də yaxşı bir örnəkdir. Ermənistanın 30 il ərzində xaraba qoyduğu kəndlər, şəhərlər yenidən dirçəlir, bölgədə artıq 2 beynəlxalq hava limanı fəaliyyət göstərir, gələcək iqtisadi mərkəzlərin möhkəm təməlləri qoyulur. 30 il ərzində xunta rejimi tərəfindən ehtiyac içində yaşadılan, əzilən, heç bir müsbət ideyanın reallaşmasına dəstək ala bilməyən erməni əhali də bu inkişafdan, imkanlardan pay almaq istəyəcək və bu, başadüşələndir. Vətənin ayrılmaz parçaları olan Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəranın da simasını dəyişəcək, neçə illər inkişafdan, tərəqqidən qalmış bu yurdlarımızın da üzü güləcək. Azərbaycanın yaratdığı gerçəklik və təklif etdiyi perspektiv budur.

 

Əfsanə Abdullazadə,

YAP Neftçala rayon təşkilatının fəal üzvü