Təşkilatın ümdə məqsədi iqtisadi, hərbi – siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

2023-10-17 Baxış: 224
img

Azərbaycan Avrasiya miqyasında yaradılmış çoxsaylı əməkdaşlıq formatlarında təmsil olunur. Ölkəmiz bərabərhüquqlu əməkdaşlıq etməyə hazır olan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir. MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət vektorlarından biri kimi daim inkişaf etdirilməkdədir.

MDB 1991-ci ildə yaradılmasına baxmayaraq, Azərbaycan bu təşkilata yalnız 1993-cü ilin sentyabrında üzv oldu. Bu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilkin strateji addımlardan biri idi. O zaman ölkəmizin MDB-yə üzv olmasına cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli yanaşmalar vardı. Heydər Əliyev Ermənistanın bu təşkilatda üzv olduğunu nəzərə alaraq bu təşkilat çərçivəsində Azərbaycana qarşı gözlənilən təzyiqlərin qarşısını almaq və birliyin imkanlarından maksimum dərəcədə Azərbaycanın mənafeyinə uyğun faydalanmaq məqsədilə belə bir strateji seçim etdi. Zaman Heydər Əliyev seçiminin ən doğru yol olduğunu göstərdi.

Ölkəmizi MDB məkanı ilə yaxından əməkdaşlığa cəlb edən bir sıra mühüm amillər var. Onlardan biri sovet dönəmində bu ərazidə yerləşən respublikalarla iqtisadi-ticari iş birliyimiz və tarixi işgüzar əlaqələrin bərpası və fayda gətirmək potensialının olmasıdır. Digər önəmli amil MDB ərazisində bütövlükdə bir milyondan çox soydaşımızın yaşamasıdır ki, onların Vətənlə daimi əlaqəsini təmin etmək üçün ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasına ehtiyac var. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş MDB çərçivəsində əməkdaşlıq siyasətində mədəni-humanitar əlaqələr xüsusi yer tutur.

Daha bir önəmli amil isə MDB üzvü olan ölkələrin dördünün məhz türk dövləti olmasıdır. Həmin dövlətlərlə Türk Dövlətləri Təşkilatındakı tərəfdaşlığımız MDB platformasında da yaxından əməkdaşlıq etməyimiz üçün münbit zəmin yaradır. Bu baxımdan Orta Dəhliz boyunca yerləşən MDB üzvü olan türk dövlətləri ilə əlaqələrimizin MDB formatında da ən geniş şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə verdiyi əhəmiyyət MDB çərçivəsində aparılan siyasətlə də uğurlu şəkildə uzlaşdırılır.

MDB çərçivəsində əməkdaşlığımız qarşılıqlı faydalı əməkdaşlığa söykənir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il isə artım hələlik 20 faizdən çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-yə üzv olan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Azərbaycan ərazisində kəsişən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən layihələr bütün MDB üzvlərinin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edir.

Bütün bunlarla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi və iqtisadi əlaqələrini yalnız ölkəmizin siyasi məqsədlərinə müvafiq şəkildə və ölçüdə reallaşdırır. Odur ki, Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın daha çox ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilata üzv dövlətlər arasında qarşılıqlı dialoq məkanı kimi çıxış etməyə çalışır.

“MDB Dövlət Başçılarının budəfəki sammitində qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, həm də Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi qeydə alındı. Ölkəmizin növbəti dəfə nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi Birlik üzvləri ilə uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaqdır.

 

Ruhəngiz Nəcəfova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini