Azərbaycan Ordusu digər tarixi torpaqlarımız kimi Füzuli rayonunu da düşməndən döyüşərək, qan tökərək təmizlədi.

2023-10-18 Baxış: 187
img

        Əsası 1827-ci ildə qoyulmuş və ilk adı Qarabulaq olan doğma yurdumuz Füzuli tarixi Azərbaycan torpağı olmaqla, dünyanın ən qədim insan məskənlərindən biri hesab edilir. Buranın təbiəti, yerləşdiyi coğrafi məkan, təbii sərvətləri hər zaman mənfur qonşularımızın diqqəti çəkmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən havadarlarının dəstəyini alan ermənilərin suveren ərazilərimizə qarşı olan qanunsuz ərazi iddiaları layiqli cavab verilir müddətlik də olsa reallaşa bildi. İşğala məruz qalan rayonlarımızdan biri də Füzuli oldu. Yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti tarixi və memarlıq abidləri daxil işğal illərində ermənilər XII əsrə gedib çıxan qəbristanlığı, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri dağıdaraq, əsl vandallıq nümayiş etdirmişlər. Onlar yaxşı bilirdilər ki, bu torpaqların bir gün əsl sahibləri qayıdacaqlar. Həqiqətən də işğal dövründə Azərbaycanda əsl vətənpərvər gənclik yetişdi. O gənclik ki, canı, qanı bahasına Vətən torpaqlarını düşməndən azad etdilər. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Zəfər yürüşümüz parlaq, tarixi Zəfərimizlə nəticələndi. Düşmən döyüş meydanında məğlb edildi, diz çökdürülüdü. Cəmi 44 gün davam edən və tarixə Vətən Müharibəsi kimi daxil olan döyüşlərin sonunda Azərbaycanın hüquqi torpaqları işğaldan azad edildi. 44 günlük marafonun iyirminci günündə artıq Füzuli azad idi. Bir dənə də olsun salamat qalmış binası olmasına baxmayaraq Füzulinin azad ruhu doğma nəfəslərini bağrına basdı. Azərbaycan Ordusu digər tarixi torpaqlarımız kimi Füzuli rayonunu da düşməndən döyüşərək, qan tökərək təmizlədi. 17 oktyabr tarixi nəinki füzulililərin xatirəsinə, həm də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Bu gün azadlığının üçüncü ilini qeyd edən Füzuli, həm də Şəhər gününü qeyd edir. Ali Baş Komandanın müvafiq Sərəncamı ilə bu tarix Füzuli Şəhər günü kimi bundan sonra əbədiyyən qeyd ediləcəkdir. Füzuli “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğmalarını qəbul edir. Qısa zaman keçməsinə baxmayaraq burada yaradılan infrastruktur insanı riqqətə gətirir. Bu şəhər indi qonaqlarını, həm də ötən il tikilmiş beynəlxalq hava limanı vasitəsilə qəbul edir. Ölkə başçısının göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Füzuli rayonunun ərazisində olan, vandalizmə məruz qalmış abidələrimiz də ən yüksək səviyyədə bərpa olunur. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmiş igidlərimizin əməyi Dövlət başçımız tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 25167 nəfər hərbi qulluqçusu digər orden və medallarla yanaşı “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif olunublar. Bu gün büyün Azərbaycan xalqı Ölkəmizin həyatında baş verən tarixi anları böyük qürur hissi ilə yaşayır. Artıq heç kəsdə şübhə yoxdur ki, nəyi nə zaman etməyi gözəl bilən Lider, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox zirvələr fəth edəcəkdir!.

 

            Baloğlan Ağamalıyev;

            Neftçala rayon ağsaqqalı, Şəhid atası