Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

2023-10-18 Baxış: 160
img

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

 

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri