Biz istədiyimizə nail olduq.

2023-10-20 Baxış: 169
img

“Biz bu gün buradayıq, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən bu fikirləri çıxışında səsləndirib. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi bu təsirli səhnəyə şahidlik etdi. Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident İlham Əliyev böyük qədirbilənliklə yada salır: “Bu gün Ulu Öndərin, bizim bu günümüzü görməyən bütün hə-yatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bəlaların qarşısını aldı. Ölkəmiz müstəqilliyini itirməkdən xilas oldu. Eyni zamanda, işğaldan qurtuldu da deyə bilərik. Nəzərə alaq ki, erməni millətçiliyinin planları yalnız həmin vaxtadək işğal edilmiş ərazilərlə məhdudlaşmırdı. Prezident İlham Əliyev də çıxışında bu məqama toxundu. Dövlətimizin başçısı həmin millətçilərin Bakı küçələrində tank sürmək, çay içmək niyyətlərini xatırlatdı. Bütün bunları həyata keçirmək “istəkləri” aktual idi. Yəni, Ermənistanın əli ilə Azərbaycan dövlətçiliyi üçün böyük qəsd planı hazırlanmışdı. Heydər Əliyev məhz belə məkrin qarşısını alması ilə də tarixə düşəcək şəxsiyyətdir. Ulu Öndər Azərbaycanı təkcə bəlalardan sığortalamadı, eyni zamanda, sürətli, dönməz inkişaf yoluna çıxartdı. Elə bir yola ki, o yolda əvvəldə bildirdiyimiz kimi, həm Qarabağ ideoloji məfkurə halına gəldi, həm də bu məfkurə naminə mübarizə əzmi möhkəmləndi. Nəhayət, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi. İyirmi illik yol başlandı.

İlham Əliyevin Qarabağ yolu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür!” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

 

Elşən Hətəmov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini