Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər

2019-05-07 Baxış: 897
img

07.05.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.