Qubadlı rayonu tamamilə işğaldan azad olundu.

2023-10-25 Baxış: 233
img

Oktyabrın 25-də  Qubadlı şəhərinin işğaldan azad olunmasının üçüncü ili xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edərək, düşmənin bütün həbi qüvvəsini darmadağın etdi və Azərbaycan bayrağını Qubadlı şəhərində ucaltdı.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatı əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam da budur ki, Qubadlının azad olunması Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yaratdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdandır. Qubadlının azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.

Beləliklə, Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Həmçinin möhtərəm Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. Qubadlının və işgal altında olan digər torpaqlarımızın azadlığı və bütövlüyü naminə canlarını fəda etmiş bütün şəhidlərimizi bir daha qürurla anaraq onlara Allahdan rəhmət və qazilərimizə şəfa diləyirik, başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza güc qüvvət arzulayırıq.

Azad edilmiş Qubadlıda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet dövründə  Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Qubadlıya artıq öz sahibləri qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Məhz bu səfərlər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Şübhəsiz ki, 44 günlük zəfər müharibəsində Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qəhramanlıq salnaməsi yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi yurdlarımızı, zəhməti, alın təri sayəsində laləzarlığa-gülüstana çevirməyə layiq bir xalqdır. Qısa bir zaman kəsiyində həmin ərazilərdə aparılan böyük quruculuq işləri bunu deməyə əsas verir.

 

Fərhad Baxışov,

YAP Neftçala rayon təşkilatının əməkdaşı