Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə buraxılan zərərli maddələrin azaldılmasına verdiyi töhfələr dünya üçün nümunədir.

2023-10-31 Baxış: 159
img

Dünyada baş verən münaqişələr, kataklizmlər fonunda zəngin karbohidrogen ehtiyatlara malik  olan Ölkəmizin  dünya üçün əhəmiyyəti getdikcə artır. Belə ki, xüsusilə Avrasiya məkanında baş verən geosiyasi proseslər eyni zamanda ölkələrin enerji təhlükəsizliyini ön plana çıxarıb. İnkişaf etmiş Avropa dövlətləri etibarlı mənbələr hesabına öz enerji təhlükəsizliklərini təmin etmək üçün hərəkətə keçiblər. Belə bir zamanda Avropa ilə Asiyanın kəsişməsində yerləşən və zəngin karbohidrogen ehtiyatlarına malik  Azərbaycanın yeni oyunçu kimi çıxış etməsi milli maraqlarımıza tam cavab verir. Bildiyimiz kimi bu gün Qərbi ən çox narahat edən tərəfdaşlarının əsasən etibarlı olmamasıdır. Bu baxımdan Ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Ölkəmizin və xalqımızın maraqlarına uyğundur. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib. Ölkəmiz regional və transmilli layihələrdə mövqeyini aydın nümayiş etdirib. On illiklər ərzində işğala məruz qalsa da, hər zaman sülhün, sabitliyin, inteqrasiyanın, qarşılıqlı tərəfdaşlığın tərəfdarı olan, bunu rəsmi şəkildə bəyan edən Azərbaycan Qalib, qüdrətli ölkə olaraq da öz prioritetlərinə bu gün də sadiqliyini nümayiş etdirir. Bu baxımdan Avropanın, bütövlükdə dünyanın Azərbaycana diqqətinin artması təbiidir. Artıq bir neçə ildir ki,  Ölkəmizin alternativ enerji sahəsindəki siyasəti, həyata keçirilən tədbirlər daha böyük hədəflərin olduğunu nümayiş etdirir. Məhz, Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü Ölkəmizə çevirməsi başadüşülündir. Çünki Azərbaycan, həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna mənada  ekspertlərin Azərbaycanı enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşı kimi qəbul etmələri qeyd etdiklərimizin əyani sübutudur. Bir sözlə, “Əsrin müqaviləsi” ilə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətimiz bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısı tərəfindən təməli ötən mart ayında qoyumuş, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının bu günlərdə açılış mərasiminin keçirilməsi qeyd etdiklərimizin bariz sübutudur. Bu gün Azərbaycanın ekoloji cəhətdən təmiz, sərfəli, ən əsası bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsal etməsi gələcək hədəflərimizi göstərir. Xüsusi vurğulamalı olduğum məqam  isə açılış mərasimində Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında doğma Neftçalamızın Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsinin imzalanmasıdir. Bu tarixi məqam Neftçala sakini olaraq bizlərin hədsiz sevincinə səbəb oldu. İnanırıq ki, bu böyük, xüsusi əhəmiyyətli layihənin reallaşması ümumilikdə Ölkəmizin enerji potensialına əhəmiyyətli təsir edəcək, ümumi  inkişafa töhfə verəcəkdir. Hazırda enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir. Bu mənada Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə buraxılan  zərərli maddələrin azaldılmasına verdiyi töhfələr dünya üçün nümunədir.  

 

               Sənan Hacıyev;

               Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi