4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi də işğaldan azad olunub.

2023-11-06 Baxış: 216
img

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən üç il ötür. Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.

Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsünə də yol açıldı. Xudafərin adi bir körpü deyil, Azərbaycan xalqının milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da , yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab Prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı. Təbii ki, Cəbrayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir. Rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu igidliyin bariz nümunəsidir. Məhz onların igidliyinin və qəhrəmanlığının göstəricisidir ki, biz artıq rayonlarımızın işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. 

 

Ruslan Məhərrəmov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini