Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı qüvvələrimizin gücünü və iradəsini görür.

2023-11-06 Baxış: 187
img

Dünya 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına  Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünə və iradəsinə bir daha əmin olur. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. Dövlət başçısı İlham Əliyevin hər zaman səsləndirdiyi, beynəlxalq təşkilatların tribunasından bəyan etdiyi “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” fikirləri  güclü siyasi iradəsi əsasında  təkmil  dövlət konsepsiyasının uğurla həyata keçirilməsində, iqtisadi, siyasi və hərbi gücün yaradılmasında əhəmiyyətli rol oynadı.  30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Dövlət başçısı İlham Əliyev son üç ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqləyir. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana şevirməsi, Böyük Qayıdış proqrmını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır.

 

İntiqam Manafov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini