Ermənistana göndərilmiş mesaj. Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik.

2023-11-13 Baxış: 293
img

Azərbaycan illərlə Qarabağ probleminin qan tökülmədən həllini tapmağa çalışırdı. Lakin Ermənistanın təxribatçı hərəkətləri məsələnin müharibə yolundan başqa həll yolu qoymadı. Nəticədə 44 günlük müharibədə Azərbaycan xalqı və onun ordusu tam bir Zəfər nümayiş etdirdi. Elə bir qələbə qazanıldı ki, müasir hərb sənətində mahir olanlar belə Şuşa əməliyyatına mat qaldılar. Azərbaycan xalqı nəyə qadir olduğunu bir daha dünyaya göstərdi.

 

Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti və yenilməz cəsarəti, ordumuzun şücayəti qarşısında düşmən düz çökdü. Ermənistanı kapitulyasiya aktına imza atdı. Ulu Öndər Heydər Əliyevin Ata vəsiyyətini, arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev ləyaqətlə yerinə yetirdi.

 

8 Noyabr Zəfər Gününün 3-cü ilində Xankəndidə böyük Zəfər aparadı keçirildi. Xankəndidə keçirilən hərbi parad qələbənin məntiqi nəticəsidir. Xankəndində keçirilən parad bir daha göstərdi ki, Azərbaycan xalqı yenilməzdir, onun güclü ordusu, Müzəffər Ali baş Komandanı və Vətənə bağlı olan, hər qarış torpaq uğrunda ölməyə hazır olan oğulları var! Möhtəşəm paradda çıxış edən ölkə başçısı bu günə qədər baş verən prosesləri təhlill edərək dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi".

 

Son üç ildə baş verən hadisələri bir daha xatırladan cənab prezident bütün səylərə baxmayaraq ermənilərin revanşist siyasət yürüdərək yeni işğal planları həyata keçirmək cəhdlərini xatırladaraq bildirdi: “Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız.

 

 

Oqtay Kərimov,

YAP Neftçala rayon təşkilatının veteran üzvü