Neftçalalı alimin “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabı Təbrizdə nəşr olunub

2023-11-13 Baxış: 267
img
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə “Aydın” nəşriyyatı tərəfindən ərəb əlifbasında çap olunub.
542 səhifədən ibarət olan kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülüb. Kitabın elmi redaktoru AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, rəyçiləri isə akademik, tarix elmləri doktoru, professor Nərgiz Axundova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə,  AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur.
Monoqrafiyanım “1905-1906-cı illər kütləvi qırğınlar və 1918-ci il mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə ağır cinayətləri barədə ətraflı məlumat verilir. 2-ci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edilir. 3-cü fəsildə “Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il “20 Yanvar” faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri)  söz açılır. “Qarabağda soyqırımlar” adlanan  4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir. 5-ci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir.  “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil bu faciələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə həsr olunub.
Kitabın sonunda əlavələrdə sənədlər, müqavilələr, qətnamə və qərarlar, bəyannamələr, xəritələr və şəkillər verilib.