Neftçala rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.
2023-11-16
Baxış: 777
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Neftçala rayon təşkilatı noyabr ayının 15-də tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara və Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan rəsm sərgisinə baxıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ümummilli Lider bütün həyatını Azərbaycanın inkişafına həsr edib və Onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. M.Seyidov Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını diqqətə çatdırıb.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı: “Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə liderlik missiyasını layiqincə yerinə yetirib. Onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub.
Sonra çıxış edən partiya veteranı Oqtay Kərimov və Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18