YAP Neftçala rayon təşkilatının yaranmasının 31 illiyi ilə əlaqədar tədbir keçirilib.
2024-03-29
Baxış: 770
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan əzəmətli abidəsi ziyarət olunaraq önünə tər gül dəstələri düzülüb.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşu uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb. Daha sonra YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışovun məruzəsi dinlənilib. Ardınca isə YAP-ın fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək bildirib ki, partiyanın yaranması tarixi zərurətdən irəli gəlirdi. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan gənc Respublikanın xilası yalnız Heydər Əliyev fenomeni ilə mümkün ola bilərdi. Qeyd olunub ki, 1993-cü ildən ötən dövr ərzində iqtidarda olan Yeni Azərbaycan Partiyası ölkəmizin dinamik və sürətli inkişafını təmin edib. Buna görədir ki, partiya öz ətrafında yüzminlərlə üzvü birləşdirir.
Daha sonra partiya veteranı Oqtay Kərimov və “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış ediblər. Çıxış edənlər “91-lər”in müraciəti kimi tarixə düşən hadisəni cəmiyyətin bütün təbəqələrinin arzusunun ifadəsi adlandırıblar. Bildirilib ki, Ulu Öndərin siyasi xarizması yeni yaranacaq partiyaya onun rəhbərliyini zəruri edirdi. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin YAP-a uğurlu sədrliyini qeyd edən natiqlər keçirilən bütün seçkilərdə xalqın partiyaya göstərdiyi böyük etimaddan bəhs ediblər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək qeyd edib ki, 5 mart 2021-ci ildə keçirilən VII qurultaydan sonra partiyanın həyatında ciddi dəyişikliklər baş verib. Müasir tələblərə cavab verən partiyanın Proqramı yeniləşən dövrlə tam uyğunlaşır. Bildirib ki, 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri ölkəmizdə, eləcə də rayonumuzda yüksək əhval-ruhiyyə və seçki mədəniyyəti ilə müşahidə olunub. Xalqımız Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərməklə öz parlaq gələcəyinə səs verib.
Sonda bir qrup partiya fəalına Neftçala Rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının təsis etdiyi Fəxri Fərmanlar təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18