Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib

2019-05-14 Baxış: 710
img

14.05.2019.

Prezident İlham Əliyev mayın 14-də Brüsseldə Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

MAYAKINFO-numəlumatına görə, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir.

Dövlət başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.

Mayın 14-də prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.