İnam və etimada əsaslanan münasibətlər

2024-07-16 Baxış: 92
img

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri hazırda yeni mərhələdədir. Bunu istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də postmüharibə dövrünün reallıqlarının təhlili təsdiqləyir. Qardaş ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz qəti mövqeyini bildirmiş, Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqə qurmamışdır. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı faciəsini genosid kimi tanımışdır. Bütün bu proseslər Azərbaycan və Pakistan münasibətlərini müsbət xarakterizə etməyə imkan verir. İki ölkə arasında münasibətlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev də həmçinin Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində Pakistana dövlət səfəri bu baxımdan olduqca əhəmiyyətlidir və bir çox parametrlər baxımından xüsusi diqqət cəlb etməkdədir. Belə ki, Azərbaycan prezidentinə hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bununla yanaşı, Azərbaycan prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Azərbaycan liderinin səfərinə Pakistanda belə yüksək diqqət təsadüfi xarakter daşımır. Sirr deyil ki, dövrün, zamanın çağırışları yeni əməkdaşlıq formatlarının yaradılmasını, səylərin birləşdirilməsini bir zərurətə çevirir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar yalnız özünün inkişafına deyil, ümumilikdə regionun və dünyanın siyasi mənzərəsinə öz müsbət təsirini göstərir. 

Prezident İlham Əliyevin İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında dövlətlərimiz arasında münasibətlərin tarixi köklərini xatırlatmaqla, gələcək inkişafın konturlarını müəyyən etdi. Ölkə başçısı bildirdi ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Qarşılıqlı dəstəkdən söz açan ölkə rəhbəri qeyd etdi ki, Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Dövlət başçısı vurğuladı ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.

Ölkə başçısının söylədiyi kimi, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri