Yeni tərəfdaşlar – Sloveniya və Slovakiya!

2024-07-22 Baxış: 165
img
Son illərdə Azərbaycan Respublikası düzgün qurulmuş xarici siyasəti sayəsində böyük uğurlara imza atır, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi edir, strateji əhəmiyyəti olan layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə fərqlənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 iyul tarixində Oksfordda keçirilən “Avropa Siyasi Birliyinin” 4-cü Zirvə toplantısında iştirak etmişdir. Xatırladaq ki, əsas məqsədi Avropa qitəsinin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək olan "Avropa Siyasi Birliyi"nin bu günə qədər üç iclası keçirilmişdir. Dövlət başçısı 2022- ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə baş tutan birliyin ilk samittində də iştirak etmişdir. Azərbaycanın bu cür dünya səviyyəsində böyük əhəmiyyət kəsb edən tədbirlərə dəvət edilməsi, dövlətimizin 44 günlük müharibədəki Zəfərindən sonra nüfuzunun nə dərəcədə artığını, etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut edir.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyinin” 4 – cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada çıxış etmişdir. Cənab Prezident çıxışına Azərbaycanın beynəlxalq arenada enerji siyasətini və onun strateji əhəmiyyətini bir daha vurğulayaraq başlamışdır. Belə ki, enerji sahəsində Bakı ilə Avropa arasında mövcud strateji tərəfdaşlıq çərçivəsində, 2027-ci ilin sonuna qədər qaz təchizatının ikiqat artırılması nəzərdə tutulur. Şübhəsiz ki, bu artım Avropanın enerji tələbatının qarşılanmasında Azərbaycanın rolunu daha da artıracaq.
Cənab Prezident çıxışında son illər ərzində Avropa qitəsinə Azərbaycan qazının təchizatının artmasına diqqət çəkmişdir. 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr idisə, bu il bu rəqəm 13 milyard kubmetr olacaq. Bu artım, Avropanın enerji təminatında Azərbaycanın əhəmiyyətini bir daha göstərir. Azərbaycanın qaz ixracatında Avropanın əsas istiqamət olduğunun göstəricilərindən biri isə 2021 – ci ildə 18 milyard kubmetr olan ümumi ixracın bu il 25 milyard kubmetrə yaxınlaşmasıdır. Hazırda Azərbaycanın qazını səkkiz Avropa ölkəsi alır. Bunlardan beşi Avropa İttifaqının üzvü olan Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Rumıniya və üçü bu İttifaqın üzvü olmağa hazırlaşan Serbiya, Gürcüstan və Türkiyədir. Yaxın gələcəkdə bu siyahıya yeni ölkələrin də daxil olması gözlənilir.
Cənab Prezident çıxışında Azərbaycanın yeni tərəfdaşlarından da bəhs etmişdir. Belə ki, Sloveniya və Azərbaycan arasında əməkdaşlıq istiqamətində mühüm addımlar atılmaqdadır. Bu əməkdaşlıq həmçinin qaz təchizatının artırılması sferasını da əhatə edir. Sloveniya ilə yanaşı, Slovakiya da potensial yeni tərəfdaşlar arasında yer alır. Bu, Azərbaycanın enerji sahəsində yeni bazarlara çıxmaq və mövcud bazarlarda payını artırmaq istəyi ilə əlaqədardır.
Avropada interkonnektor layihələrinin icrası ilə əlaqədar olaraq Azərbaycan qazının Avropa ölkələrinə ixracı üçün əlavə imkanlar yaranacaq. Bu interkonnektorlar, Avropa enerji bazarlarında şəbəkələrin birləşdirilməsi və qazın daha uzaq məsafələrə çatdırılması üçün vacibdir. Bu layihələr həmçinin Avropa ölkələrinin enerji təhlükəsizliyini artırmaq və enerji mənbələrini diversifikasiya etmək baxımından da mühüm rol oynayacaq. Bu kimi yeni əməkdaşlıq və layihələr Azərbaycanın Avropa bazarlarında mövqeyini gücləndirəcək və ölkənin qaz ixracında yeni imkanlar açacaq. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması, Avropa üçün də strateji əhəmiyyət kəsb edir və qitənin enerji tədarükçüsü kimi Azərbaycanın rolunu artırır.
Prezident İlham Əliyev, Azərbaycanın enerji üzrə etibarlı tərəfdaş kimi çıxış etdiyini və Avropa Komissiyası tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Bununla da, Azərbaycanın enerji sahəsindəki mühüm rolu bir daha təsdiqlənir və ölkəmizin beynəlxalq arenada mövqeyi güclənir. 

Mehrac Gözəlov, 
YAP Neftçala rayon təşkilatı 
Ərazi partiya təşkilatının sədri