Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

2024-09-24 Baxış: 157
img
Prezident İlham Əliyev 20 Sentyabr - Dövlət Suverenliyi Gününü Xankəndi şəhərində keçirməsi heç də təsadüfi deyildi. Antiterror əməliyyatından sonra suverenliyini bərpa edən və Azərbaycanın dilbər güşələrindən biri olan Xankəndində sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək, bu ali təhsil ocağının müəllim və tələbələri görüşdü.Görüş iştirakçılarını və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etdiyini bildirən Prezident dedi ki, bu günü biz birlikdə Xankəndidə qeyd edirik və 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur: “Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz...Bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir".İlham Əliyev 2023-cü ilin 19-20 sentybarında keçirilən antiterror əməliyyatı barədə də danışıb: “Cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”.
Cavad Mirzəyev
YAP Neftçala rayon təşkilatının sədr müavini