Həyatımıza İşıq Tutanlar

2024-10-05 Baxış: 312
img
Müəllimlər Günü, hər il 5 oktyabrda qeyd olunan və təhsil sahəsində fəaliyyət göstərən hər bir şəxsin əməyini dəyərləndirən, onların peşəkar fəaliyyətini və cəmiyyət üçün əhəmiyyətini vurğulayan xüsusi bir gündür. Bu gün, həm orta məktəb, həm də ali təhsil müəssisələrində çalışan müəllimlər üçün onların göstərdiyi zəhmətin qarşılığı olaraq minnətdarlıqla xatırlanır. Müəllimlər sadəcə bilik ötürən şəxslər deyil, həm də gələcək nəslin tərbiyəsini və həyat baxışını formalaşdıran əsas fiqurlardır. Onlar gənclərə həyatın müxtəlif tərəflərini anlamaqda, düşüncə tərzlərini inkişaf etdirməkdə, şəxsiyyətlərini formalaşdırmaqda əvəzsiz rol oynayırlar. Müəllimlərimizin bizə yalnız dərs proqramını öyrətmək yox, həm də həyatın dəyərləri barədə verdiyi dərslər bu gün bizə cəmiyyətin faydalı üzvü olmağı öyrədir. Orta məktəb müəllimləri bizim təhsilə və həyata ilk addımlarımızı atmağımızda mühüm rola malikdirlər. Onlar bizə təhsilin əsaslarını, bilik və savad qazanmağın vacibliyini öyrədir, həyatı düzgün anlamağımız üçün bizə dəyərli məsləhətlər verirlər. İlk müəllimlərimiz bizi şəxsiyyət kimi formalaşdıran ilk yolgöstərənlərdir. Universitet müəllimləri isə bizi artıq peşəkar həyata hazırlayan, daha dərin biliklərə sahib olmaqda dəstək verən mütəxəssislərdir. Onların vasitəsilə biz akademik dünyada uğurlar qazanır, ixtisaslı mütəxəssis olma yolunda irəliləyirik. Universitet müəllimləri təkcə nəzəri biliklər vermir, həm də tələbələrin tədqiqat aparmaq, yaradıcı və kritik düşünmək bacarıqlarını inkişaf etdirməyə çalışırlar. Bu müəllimlər bizim gələcəkdə bir çox uğurlara nail olmağımız üçün bizə yol açan bələdçilərdir. Müəllimlər Günü, onların əməyi qarşısında kiçik, lakin mənalı bir təşəkkürdür. Həm orta məktəb, həm də universitet müəllimləri həyatımızın əvəzolunmaz parçasıdır. Onların bizə verdiyi bilik və həyat dərsləri sayəsində bu gün daha uğurlu, güclü və savadlı fərdlərik. Bu gün münasibətilə bütün müəllimlərimizi təbrik edirəm. Xüsusilə tam orta təhsilimi aldığım Neftçala rayonu Xəzərkənd kənd tam orta məktəbinin və bakalavr təhsilimi aldığım Sumqayıt Dövlət Universitetinin müəllimlərini təbrik edir, onlara daim sağlamlıq, səbir və uğurlar arzulayırıq.

Anar Güllərli

Müəllimlərimizə sonsuz minnətdarlıqla!