Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi.

2024-10-09 Baxış: 109
img
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.Prezident İlham Əliyev çıxışında azad edilmiş torpaqlarımızda gedən genişmiqyaslı quruculuq və bərpa işlərindən də danışdı. Cəbrayılın azad edilməsindən dərhal sonra ərazilərdə minaların təmizlənməsi və infrastrukturun bərpasına başlanıldığını xatırlatdı. Dövlət başçısı Cəbrayıl şəhərində çoxmənzilli 33 binanın inşa edildiyini, 712 mənzilin inşasının davam etdirildiyini və yeni yaşayış məhəllələrinin sakinlər üçün hazır olduğunu bildirdi. Azad edilmiş torpaqlarda aparılan bərpa işləri miqyas və sürət baxımından bənzərsizdir, bütün şəhərlər və kəndlər üçün dəqiq və planlı şəkildə infrastrukturlar qurulmaqdadır.Prezident İlham Əliyev çıxışında Qərb ölkələrinin, xüsusilə Fransa və ABŞ-nin Ermənistanı dəstəklədiyinə və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiklərinə diqqət çəkdi. O, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmasına baxmayaraq, onlara qarşı 30 il ərzində heç bir sanksiya tətbiq edilmədiyini vurğuladı. Məsələyə ikili standartlarla yanaşan bu dövlətlər öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı təzyiqlər göstərməkdə davam edir. Dövlətimizin başçısı Azərbaycanın yalnız öz gücünə güvənərək, hər hansı xarici təzyiqə boyun əyməyəcəyini, beynəlxalq hüquq normaları çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü hər zaman qoruyacağını diqqətə çatdırdı.Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, məscidlərimizi dağıdıblar, heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Qərbdə bir adam deyib ki, Azərbaycanın mədəni irsi talan edilir, dağıdılır, təhqir edilir? Yox. Ancaq bizi nədə ittiham edirlər? Guya biz hansısa tarixi irsi məhv edirik. Tamamilə əsassızdır. Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Prezident İlham Əliyev bildirmişdir ki, bundan sonra da azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri davam etdiriləcək, ölkəmiz bütün çətinliklərə sinə gərərək öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa davam edəcək, müxtəlif sahələrdə qazandığı zəfərlərlə şanlı tarixini yazacaqdır.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini