Prezident İlham Əliyev: “Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik”.

Bu
gün regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində
Azərbaycanın irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır,
rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da
artmasına rəvac verir. Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa
üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində
fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində
saxlayır. İran Azərbaycanın cənub qonşusu və bütün mənalarda ona yaxın olan
dövlətdir. Onu da nəzərə alsaq ki, İran əhalisinin böyük bir hissəsini etnik azərbaycanlılar
təşkil edir, bu zaman iki ölkə arasında münasibətlərə xüsusi diqqət yetirməyin
vacibliyi bir daha aydın görünür.
Hazırda
Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf etməkdədir.
Bu ilin yanvar ayında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər
Əhmədin Bakıya səfəri zamanı hər iki ölkənin əlaqələrində enerji və nəqliyyat dəhlizlərinin
inkişafının prioritet olduğu vurğulanmışdır. Prezident İlham Əliyev
iqtisadi-ticarət, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlığın
davam etdiyini diqqətə çatdırmışdır. Bu əməkdaşlıq regionda sabitliyin və
inkişafın təmin olunmasına xidmət edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə
diqqətəlayiqdir. İki ölkə arasında strateji enerji layihələri həm elektrik
enerjisi istehsalını artırır, həm də regionun su ehtiyatlarından səmərəli
istifadə etməyə imkan yaradır.
Ən
əhəmiyyətli layihələrdən biri də Azərbaycan-İran sərhədində yerləşən
"Xudafərin" və "Qız qalası" hidroelektrik kompleksləridir.
2024-cü ildə açılan bu komplekslər həm enerji təchizatına, həm də kənd təsərrüfatı
suvarma sistemlərinin inkişafına güclü stimul verir. Prezident İlham Əliyev
açılış mərasimində İran-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu
vurğulayaraq demişdir ki, İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç
kim bizim aramıza nifaq sala bilməz. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın
əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır.
2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50 faiz artması, eləcə də Ağbənd dəmir
yolu və körpüsünün tikintisi hər iki ölkənin logistika potensialını artırmaq məqsədi
daşıyır. Azərbaycan və İranın strateji əməkdaşlığında Şimal-Cənub nəqliyyat dəhlizi
çərçivəsində həyata keçirilən layihələr önəmli yer tutur. Bu dəhliz Avropa ilə
Asiya arasında ən qısa və səmərəli tranzit yoludur. Dəmir və avtomobil yolları,
liman infrastrukturlarının modernləşdirilməsi həm iqtisadiyyatın şaxələndirilməsinə,
həm də beynəlxalq ticarətin həcminin artmasına şərait yaradır.
Aprelin
28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri
baş tutub. Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın
fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq
müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və
Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd
edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı
ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan
və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin
tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti
vurğulanıb.
“Azərbaycan
və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir”
deyən Prezident İlham Əliyev bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi
aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin
başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı,
digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin
yanındadır. Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son
illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən – ticarət, nəqliyyat,
energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə
etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr
dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu
əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər
iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi,
mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm
də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.
Aprelin
28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər
əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. “Bu gün apardığımız
danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət
etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir
daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi
bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin
inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana
gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər
səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir
ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”, –
deyə Azərbaycan Prezidenti bildirib.
Bayram Xudayarov,
Elm
və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı,
YAP Hacıqabul rayon təşkilatının fəalı
Digər xəbərlər



