Azərbaycanla İran əməkdaşlıq və dostluğ münasibətlərinin yeni mərhələsindədir

Dost
və qonşu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana
ilk dəfə rəsmi səfər etməsi regional əməkdaşlığın genişləndirilməsi və ikitərəfli
münasibətlərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət malikdir.
Azərbaycan
ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni
zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır. Səfərin səmərəliliyi
barədə Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında
söyləmişdir: «Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində
yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində
inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək
səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud
olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə
göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü
geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks
etdirir».
Cənab
Məsud Pezeşkianın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına,
ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır. Yəni bu mövqe
Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş
etdirilməsi baxımından da mühüm çağrışdır. Azərbaycan bölgədə bütün qonşuları
ilə qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına və əməkdaşlığa əsaslanan
münasibətlərin tərəfdarıdır. Bir sözlə, İran Prezidentinin bu bəyanatı ölkələrimiz
arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha
təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli
mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin
ümumi rifahına töhfə verəcəyinə inanır.
Ümuiyyətlə,
Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və
strateji səviyyədə müzakirələrlə məhdudlaşmır. Yəni iki ölkə arasında son
illər ərzində müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd
imzalanıb. Həmin sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından
tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir
çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və
səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir.
Prezident
Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin
gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın
yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər. Belə yüksək səviyyəli
görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək
layihələrin həyata keçirilməsini mümkün edir. Bu bir reallıqdır ki, Prezident
İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və
etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu uğurlu siyasət, həmçinin
Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı
olmasına xidmət edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat
layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regional əməkdaşlığın
yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin
inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə
yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir
addım ola bilər.
İsmayıl
İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



