Azərbaycanla Vyetnam arasında əməkdaşlığın yeni mərhələsi

Mayın
7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə
səfəri dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə kimi
böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində tərəflər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi
məqsədilə müxtəlif sahələrdə yeni inkişaf istiqamətlərini müzakirə ediblər.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Vyetnam lideri cənab Lamın səfəri
daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin
dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Ölkəmizin
başçısının Çin Xalq Respublikasına uğurlu səfərindən sonra Asiyanın aparıcı ölkələrindən
biri olan Vyetnam liderinin Bakıya səfər etməsi təsadüfi deyil. Çünki Azərbaycanın
müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və
qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur və bu mənada
Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Sürətlə inkişaf edən,
xüsusilə də, tibb, texnologiya sahəsində innovativ sıçrayışlar əldə edən
Vyetnam bizdən xeyli uzaq məsafədə yerləşsə də, iqtisadi, enerji və nəqliyyat məsələlərində
Azərbaycanla əməkdaşlığa üstünlük verir.
Prezident
İlham Əliyev «Vietnam News Agency» agentliyinə verdiyi müsahibədə də qeyd
edib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq
münasibətləri birləşdirir. Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının
Prezidenti Xo Şi Min Azərbaycana səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev
Vyetnamda səfərdə olub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama
dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti
Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında
münasibətlərdəki yaxınlığın göstəricisidir. Bu gün Azərbaycan ilə Vyetnam bir
çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək
üçün bütün imkanlara malikdirlər. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin
əsas perspektivli sahələrindən biri də təhsildir. Hələ sovetlər dönəmində Azərbaycan
ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq mövcud olub. Vaxtilə Azərbaycanın
ali məktəblərində təhsil almış vyetnamlılar bu gün ölkələrində yüksək vəzifələrdə
çalışırlar. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın
təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə
də geniş perspektivlər vəd edir və bunlar ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək.
İki ölkə
arasında siyasi dialoq həmişə yüksək səviyyədə olub. 2013-cü ildən başlayaraq
Vyetnam Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupu,
Milli Məclisdə isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi
qrupu fəaliyyət göstərir, həmçinin Azərbaycan-Vyetnam Hökumətlərarası
Komissiyası mövcuddur. Hanoy şəhərində isə Vyetnam-Azərbaycan Dostluq
Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi fəaliyyət
göstərir. Bu qurumlar iki ölkə arasında əlaqələrin davamlı inkişafında mühüm
rol oynayırlar. Düşünürəm ki, Vyetnam Sosialist Respublikası Kommunist
Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə
arasında əməkdaşlığın daha da gücləndirəcək. Bu səfər münasibətlərin yeni mərhələdə
yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin
də vurğuladığı kimi, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa
mühüm təkan olacaq və münasibətlərimizin dostluq və qarşılıqlı hörmət ruhunda
inkişafı üçün yeni üfüqlər açacaq.
Ümumiyyətlə,
Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsi həm Avropa, həm də Asiya ölkələrinin
rəsmi Bakı ilə əməkdaşlığa can atmasını şərtləndirən əsas faktorlardan biridir.
Cənub-Şərqi Asiya ölkələrinin də Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməsi
bu baxımdan diqqət cəlb edir. Ona görə də Vyetnam Kommunist Partiyası Mərkəzi
Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri də məhz
ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafında yeni
mərhələnin başlanğıcı hesab olunur.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



