Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlığın inkişaf yolu
2025-05-14
Baxış: 281

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə gözlənilən dövlət səfəri ərəfəsində “Vietnam News Agency” agentliyinə verdiyi əhatəli müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin zəngin tarixi və strateji mahiyyətini bir daha diqqət mərkəzinə gətirmişdir. Bu müsahibə təkcə ikitərəfli əməkdaşlıq formatlarının təhlili deyil, eyni zamanda qarşılıqlı əlaqələrin inkişaf istiqamətləri üzrə siyasi iradənin və praqmatik yanaşmanın bariz ifadəsi olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər iki xalq arasında əlaqələrin genişlənməsinə əvəzsiz töhfələr vermişdir.İkitərəfli münasibətlərin praktiki əsaslarını gücləndirən mühüm institusional mexanizmlərdən biri kimi Azərbaycan–Vyetnam Hökumətlərarası İqtisadi, Ticarət, Elmi və Texniki Əməkdaşlıq Komissiyası çıxış edir. Bu komissiya iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün etibarlı platforma funksiyasını yerinə yetirir. Komissiya çərçivəsində mütəmadi dialoqun təşkili, birgə təşəbbüslərin reallaşdırılması və layihələrin koordinasiyası tərəfdaşlığın davamlılığını təmin edir.
Parlamentlərarası əməkdaşlıq da mühüm istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları, eləcə də Xarici İşlər nazirlikləri xətti ilə aparılan siyasi məsləhətləşmələr, o cümlədən bu ilin aprelində keçirilmiş sonuncu məsləhətləşmələr, qarşılıqlı siyasi əlaqələrin səmərəli və sistemli şəkildə inkişaf etdiyini göstərir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatında bir-birini dəstəkləyən və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər nümayiş etdirir. Bu çərçivədə həyata keçirilən əməkdaşlıq beynəlxalq sülh, təhlükəsizlik, suverenlik və inkişaf məsələlərində ortaq mövqelərin irəli sürülməsi baxımından əhəmiyyətlidir.Təhsil sahəsində əməkdaşlıq münasibətlərin gələcək perspektivləri baxımından xüsusi önəm daşıyır. Sovet dövründə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssis bu gün Vyetnam cəmiyyətində aparıcı mövqe tutur. Müasir mərhələdə isə Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təqdim etdiyi qrantlar və təqaüdlər çərçivəsində vyetnamlı gənclərin ölkəmizdə təhsil almaları üçün münbit şərait yaradılmışdır. Bu akademik mübadilə iki ölkə arasında bilik və elmi-texniki əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır. Ölkə rəhbəri Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan ilə Vyetnam arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlər bütün əsas sahələr üzrə - siyasi, iqtisadi, mədəni, humanitar və beynəlxalq müstəvilərdə – uğurla inkişaf edir. İkitərəfli əlaqələrin davamlı və çoxşaxəli inkişafı həm Azərbaycan Respublikasının xarici siyasətində ardıcıl və praqmatik yanaşmanın nəticəsidir, həm də Vyetnamla olan dostluğun qarşılıqlı hörmət və etimada söykənən tarixi köklərə malik olduğunu sübut edir. Bu baxımdan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Bəxtiyar Ələkbərov,
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı
“Təhsil İşçiləri” ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



