Azərbaycan Macaristan arasında ticarət və iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.

2025-05-23 Baxış: 217
img

Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında Macarıstana səfəri və səfər çərçivəsində imzalanmış Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.

İqtisadi əlaqələrin inkişaf etdirilməsində Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyası vacib mexanizm hesab edilə bilər. Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir, Macarıstan tərəfdən xarici işlər və ticarət naziri Peter Siyyartodur. İndiyədək Komissiyanın 10 iclası keçirilmişdir.

Həmçinin, kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir. 2014-cü ilin 11 noyabr tarixində AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycanda Regional Data Mərkəzinin yaradılması sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır. Son dövrdə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq ön plana çıxmışdır.

Enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Macarıstan tərəfi Azərbaycanın təşəbbüsü və bilavasitə yaxından iştirakı ilə gerçəkləşməkdə olan Cənub Qaz Dəhlizinə maraq nümayiş etdirməkdədir. Həmçinin, Azərbaycanın SOCAR və Macarıstanın MOL neft şirkətləri arasında səmərəli əməkdaşlıq mövcuddur. MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlar bloku və Bakı-Tbilis-Ceyhan əsas ixrac neft boru kəməri layihələrində səhmdardır. Macarıstanın MVM şirkəti 2024-cü ildə Şahdəniz yatağının işlənməsi layihəsində pay alaraq ölkə xaricindəki ən böyük investisiyasını həyata keçirmişdir.

İki ölkənin iş adamlarının yaxından iştirakı ilə istər Azərbaycanda, istərsə də Macarıstanda təşkil edilən biznes forumlar da iqtisadi əlaqələrin dərinləşdirilməsinə, ticarət dövriyyəsinin artmasına öz töhfəsini verməkdədir. "Azərbaycan İnvestisiya Şirkəti" ilə Macarıstanın "Hell Energy" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində yeni zavod inşa olunur.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə, Mərkəzi Avropa ölkələri, o cümlədən Macarıstan üzrə Ticarət Nümayəndəliyi təsis olunmuşdur. Həmçinin, Macarıstanın Milli Ticarət Evinin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Vurğulanan məsələlər bird daha onu göstərir ki, Azərbaycan- Macaristan arasında ticarət və iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.

 

Hökmalı Mirzəyev,

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədr müavini.