Azərbaycanla Macarstanın dostluq münasibətləri geostrateji baxımdan da önəmlidir

Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın
Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanda işgüzar səfərdə olub. Səfər
çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın
məhdud tərkibdə görüşü keçirilib. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla
çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında xüsusi olaraq vurğulayıb ki,
Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik,
strateji tərəfdaşıq.
Qeyd
edək ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə
qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib.
2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə
Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş
Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Hazırkı
dostluq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham
Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri,
iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı
səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü
ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda
2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə
olublar.
Macarstan
lideri Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının
qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə
Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv
ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması
baxımından mühüm əhəmiyyət kəsb edirdi. Sevindrici haldır ki, ölkələrimiz beynəlxalq
təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini
dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa
strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.
Hər
iki ölkə liderinin mətbuata birgə açıqlamalarında önəmli məsələlərə toxunublar.
Prezident İlham Əliyev Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların
olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib.
Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh
prosesindən danışıb: «İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının
da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz
olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən
düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq
Ermənistan tərəfindən qəbul edilib.»
Xatırladaq
ki, Macarıstan ölkəmizi enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq
görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib
rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii
qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını
şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq,
həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa
bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Macarıstanın
enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını
daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsinə şərait yaradır. Bu barədə Prezident İlham Əliyev deyib: «Azərbaycanın
quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən
başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim
və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz
təminatı təşkil edə bilərik».
Bir
sözlə, hazırda enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa
İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə
olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də
geostrateji baxımdan önəmli addımlardır.
Macarıstanın
Baş naziri Viktor Orban mətbuata bəyanatında vurğulayıb ki, biz bu gün
Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən
çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz
sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman
Prezident Əliyev bizim yanımızda olmuşdur.
İsmayıl
İbrahimov,
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



