Azərbaycan ilə Macarıstan iki dost və strateji tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərir

Prezident İlham Əliyev: “Biz dost ölkələrik,
strateji tərəfdaşıq”.
Azərbaycan
ilə Macarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə
yüksələrək çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkə ortaq dəyərlərə,
tarixi və mədəni oxşarlıqlara, suverenliyə və milli maraqlara əsaslanan xarici
siyasət yürüdür. Prezident İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri
Viktor Orbanla keçirdiyi görüş zamanı qeyd etdiyi kimi, Azərbaycan və
Macarıstan yalnız enerji sahəsində deyil, bir çox başqa istiqamətlərdə də
etibarlı dost və tərəfdaş olaraq fəaliyyət göstərir.
Əməkdaşlığın
əsas istiqamətlərindən biri iqtisadiyyat və investisiya sahəsidir. Macarıstan
şirkətləri Azərbaycanın nəhəng enerji layihələrində - “Azəri-Çıraq-Günəşli” və
“Şahdəniz” yataqlarında pay sahibidirlər. Bu, iqtisadi əlaqələrin dərinliyini və
qarşılıqlı inamı nümayiş etdirir. Eyni zamanda, gələcəkdə Macarıstan şirkətləri
Azərbaycanın qurudakı neft yataqlarında da fəaliyyət göstərəcək. Bu layihələr həm
iqtisadi dividentlər, həm də siyasi sabitlik baxımından iki ölkə üçün əhəmiyyətlidir.
Enerji
təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Azərbaycanın
Avropa üçün etibarlı qaz təchizatçısı kimi rolu təkcə iqtisadi yox, həm də
geosiyasi əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanın təbii qaz ixrac etdiyi
Avropa İttifaqı ölkələrindən biridir və bu əlaqə hər iki ölkənin enerji təhlükəsizliyi
gündəmində strateji yer tutur. Gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlıq da
genişlənəcək, çünki Azərbaycan yaxın beş ildə 6000 MVt gücündə yaşıl enerji
istehsalını hədəfləyir ki, bu da əlavə qaz ehtiyatlarının Avropaya ixracına
imkan yaradacaq.
Təhsil,
mədəniyyət, turizm və gənclər siyasəti sahələrində də əməkdaşlıq genişlənməkdədir.
Azərbaycanlı tələbələr Macarıstanın nüfuzlu universitetlərində təhsil alır,
eyni zamanda iki ölkə arasında mədəni tədbirlər, sərgilər və forumlar təşkil
edilir. Bu, xalqlar arasında anlaşmanı və qarşılıqlı hörməti daha da gücləndirməkdədir.
Siyasi
sahədə Macarıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi qətiyyətli
dəstək xüsusi dəyərləndirilir. Macarıstanın Türk Dövlətləri Təşkilatında
müşahidəçi statusu ilə fəal iştirakı, Şuşada və Budapeştdə keçirilmiş qeyri-rəsmi
Zirvə görüşlərinə ev sahibliyi etməsi, ölkənin türk dünyası ilə əlaqələrə
verdiyi önəmi göstərir. Bu isə həm Azərbaycanın, həm də Macarıstanın ortaq
tarixi köklərə və gələcəyə dair vizyona malik olduqlarını nümayiş etdirir.
Bütün
bu sahələrdə həyata keçirilən birgə fəaliyyətlər Azərbaycanın və Macarıstanın
dostluq münasibətlərini strateji müttəfiqliyə çevirmişdir. Bu əməkdaşlıq yalnız
ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun sabitliyinə, enerji təhlükəsizliyinə
və beynəlxalq dialoqun gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, bu dostluq və tərəfdaşlıq modeli gələcəkdə də hər iki ölkənin
milli maraqlarına uyğun şəkildə inkişaf etdiriləcək.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri.
Digər xəbərlər



