Prezident İlham Əliyev: “Biz dost ölkələrik, strateji tərəfdaşıq”.

Prezident
İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatları
da iki ölkənin münasibətlərinin dünəninə və bugününə baxış əsasında perspektivlərin
açıqlanmasında yardımçı oldu. Qeyd edək ki, 1992-ci ildə qurulan Azərbaycan-Macarıstan
diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa
çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa
dair Birgə Bəyannamə mühüm rol oynayır. Bu proses 2023-cü ilin yanvarında
imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha
da gücləndi və ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoydu. Sənəd iki
ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq
əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim
edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik
prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan etdilər.
Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil
edir. Eyni zamanda, sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi
sahəsində ortaq maraqları vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini
ön plana çəkir. Macarıstanın Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bu təşəbbüsə
qoşulmaq niyyəti Azərbaycanın Avropanın enerji təminatında artan rolunu bir
daha təsdiq edir.
Cənab
İlham Əliyev vurğuladı ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən
biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət
qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var. Avropa
İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir: «Buna
baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını
hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq.»
Əlaqələrin
inkişafında enerji sektorunun rolu inkaredilməzdir. Macarıstan Azərbaycanı
enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji
təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir.
Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki
uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin
layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi
layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının
təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Macarıstanın
enerjinin şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını
daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi
Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında
önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış
müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Buxarestdə Azərbaycan,
Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində
imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini
və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin
Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil
edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək.
Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi
Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan
enerji resurslarının istifadəsini təşviq edəcək. Beləliklə, enerji sahəsindəki
bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr
qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan
yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli
addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini
güdür.
Cənab
Prezident İlham Əliyev mətbuata bəyanatında
vurğuladı ki, energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri
Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq.
Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.
Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən
bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan
səviyyədə biz qaz təminatı təşkil edə bilərik. Qaz resurs bazamız kifayət qədər
genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu
gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə
Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı
ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına
baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti
ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.
Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur: «Biz, eyni
zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox
böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min
meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində
yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri
kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə
bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan
yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri
olacaqdır.»
Prezident
İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə mətbuata birgə bəyanatında
tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs
edərək bildirdi ki, Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə
aparan ölkə olmuşdur. Öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik
işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi
kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə
gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari
olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari
olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin
Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir
ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər
işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə
öz suverenliyimizi tam bərpa etdik.
Cənab
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesinə də diqqət yönəltdi.
Bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı
biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn
bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma
prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən
qəbul edilib.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı,
YAP Hacıqabul rayon təşkilatının
fəalı.
Digər xəbərlər



