Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə COP29 və Türk Birliyi haqqında mühüm mesajlar verdi

2025-05-27 Baxış: 88
img

2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək, mühüm beynəlxalq hadisələr və Türk dünyasının gələcəyi ilə bağlı strateji əhəmiyyətli fikirlər səsləndirib.

Prezident İlham Əliyev çıxışında öncə 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 konfransına toxunaraq, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, təxminən 200 ölkənin yekdil qərarı ilə COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizə olan böyük etimadın və ekoloji siyasət sahəsində nümunəvi fəaliyyətin nəticəsidir. O, bu qlobal tədbirin həm Azərbaycanın yaşıl enerji strategiyasını dünyaya təqdim etməsi, həm də Türk dünyası ilə əməkdaşlığın daha da güclənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Budapeştdəki Zirvə görüşü çərçivəsində qəbul olunan Bəyannamə Türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı hörmətin və strateji əməkdaşlığın növbəti göstəricisi kimi qiymətləndirilib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal təsir gücünə malik bir quruma çevrilməkdədir. Bu baxımdan, Təşkilatın vahid enerji, nəqliyyat, ticarət və ekoloji siyasətlərə dair birgə təşəbbüslər irəli sürməsi gələcək üçün mühüm imkanlar yaradır.

Prezident, eyni zamanda Azərbaycanın Türk dünyası ilə tarixi, mədəni və mənəvi bağlarına da toxunaraq, bu birliyin yalnız iqtisadi deyil, həm də ideoloji və sivilizasiya əsaslarına söykəndiyini diqqətə çatdırıb.

Sonda dövlət başçısı, bu cür Zirvə görüşlərinin Türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, Azərbaycanın bu birliyin inkişafında fəal rol oynamağa davam edəcəyini bəyan edib.

 

 

Aytən İmanova,

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru,

YAP Hacıqabul rayon təşkilatının fəalı.