Milli dövlətçilik ənənələrinin yeni səhifəsi.

2025-05-27 Baxış: 37
img

Azərbaycanın dövlətçilik tarixi qədim zamanlardan başlayır. Zaman-zaman tarixin inkişafı mədəniyyətimizin, adət-ənələrimizin, elm və təhsilimizin tərəqqisinə səbəb olub. Ulu öndər Heydər Əliyev daim Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və ona sahib çıxmağa çağırırdı. O deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.Hər bir millətin mənəvi, mədəni siması onun milli adət-ənənələri və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemidir ki, bu gün də mədəni dəyərlərimiz qorunaraq saxlanmaqdadır. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu səbəbdəndir ki, xalqımız milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə, mədəniyyətinə, tarixinə bağlılığı sayəsində özünəməxsusluğunu qoruya bilib. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.

Məlum olduğu kimi güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan başlıca amil də məhz adət-ənənələrimizdir ki, bu da cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəldir, saf təməllər üzərində tərbiyə edir. Və tarixi mənbələr də adət-ənənələrin dövlətin qüdrətli, eyni zamanda uzunömürlü olmasında mühüm işlər gördüyünü təsdiqləyir. Beləliklə adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir. Ümummilli lider Heydər Əliyev: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir” – deyərək adət-ənənələrin xalqımızın həyatında oynadığı əvəzsiz rolu yüksək dəyərləndirib. Adət-ənənələr həm də insan münasibətlərinin tənzimləyici və istiqamətverici funksiyasını yerinə yetirərək güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Dahi şəxsiyyət məsələyə bu yönümdən yanaşaraq deyib: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”.

Qədim dövlətçilik ənənələrinə və zəngin tarixi keçmişə malik xalqımız çar Rusiyası və Sovet İttifaqı dönəmində öz tarixini olduğu kimi öyrənə bilməmişdir. Məlum olduğu kimi, həmin dövrün alimlərinin o zamanın siyasi mövqeyinə uyğun yanaşması səbəbindən Azərbaycan xalqının dövlətçilik tarixinin təhrif olunmuş şəkildə öyrənilməsi və təqdim olunması ilə nəticələnmişdir. Lakin müdrik dövlət xadimi Heydər Əliyev bunu da diqqətdə saxlayaraq tariximizin yenidən araşdırılıb təqdim olunması ilə bağlı göstərişlər verdi. Belə ki, ulu öndərin bu sahədə alimləri dəstəkləməsi, həmçinin dövlət tərəfindən elmin bütün sahələrinin inkişafına şəraitin yaradılması öz bəhrəsini verdi. Məlum olduğu kimi, bu istiqamətdə mühüm işlər görüldü. Ümummilli lider tarixi keçmişimizin araşdırılmasında atılan addımlarla bağlı fikirlərini bildirərkən deyirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.

Ulu Öndər gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyi dövlət qarşısında ən zəruri vəzifə olduğunu vurğalayırdı. O bilirdi ki, adət-ənənələr gənc nəslə güclü təsir edərək onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında çox önəmli rol oynayır. Və bu da gənclərimiz üçün əsl həyat məktəbi olacaqdır. Bununla da gənclər cəmiyyət üçün lazımi şəxsiyyət kimi yetişər və dövlətin daha da güclü olmasında öz töhfəsini verər.Xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün də qorunub saxlanılır və dövlətin siyasətində də öz əksini tapmaqdadır. Prezident İlham Əliyev də öz nitqində bu məsələyə toxunaraq bildirib: “Milli dəyərləri mökəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”. Bəli, Azərbaycan milli dəyərlərə, mədəniyyətə malik inkişaf edən müasir, dünyaya açıq ölkədir.

Bu gün Azərbaycanın dövlətçilik tarixi, elm və mədəniyyəti yüksək səviyyədə uğurla təbliğ etdirilir. Milli-mənəvi dəyərlərimiz dövlət səviyyəsində xüsusi olaraq dəyərləndirilərək ona yüksək qiymət verilir. Bu dönəmdə milli-mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işinin ən böyük bəhrəsini 44 günlük Vətən Müharibəsində çox gözəl şəkildə görmüş olduq. Burada qürurla qeyd olunacaq əsas məqam Qarabağ torpağını bir dəfə də olsun görməyən, bu müqəddəs yerləri yalnız internetdən və dərsliklərdən tanıyan gənclərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müdafiəsinə qalxmağı, doğma diyarımız uğrunda qazanılan şanlı qələbədir. Bu onu bir daha göstərmiş oldu ki, gənc nəsil öz keçmişinə, tarixinə, milli-mənəvi dəyərlərinə bağlı, əsl vətənpərvər ruhda tərbiyə olunub. Məhz bu amil Azərbaycan xalqının, gəncliyinin dövlətçilik tariximizə olan böyük diqqəti kimi dəyərləndirilir. Təsdiqləyir ki, ölkəmizdə dövlətçilik tariximizin öyrənilməsi və təbliği istiqamətində çox mühüm işlər görülür və bu, davam etdirilməkdədir.

Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyətində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq bu istiqamətdə mühüm tədbirlər gğrüldü. Belə ki, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilərək böyük uğurlara nail olundu. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə ən böyük nailiyyətlər əldə edən ölkədir. Artıq ölkəmiz dünyada söz sahibidir, həmçinin etibarlı tərəfdaş olaraq özünü təsdiq edib. Qürurla deyə bilərik ki, Azərbaycan öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənətilə dünyada heyrət doğura bilib. Eyni zamanda Azərbaycanın qalib ölkə, həmçinin regionda lider ölkə kimi tanınması və qəbul edilməsi, dəyərlərimizə hörmətlə yanaşılması da məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin geniş təbliğ olunması sayəsindədir. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, əldə olunan müsbət nəticələr mühüm faktorlara əsaslanaraq öz təsdiqini tapır. Mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən bütün tədbirlər Azərbaycanı, xalqımızı, yaşadır. Bu istiqamətdə görülən tədbirlər sırasında Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsini, Xalça Muzeyinin inşasını, həmçinin regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılmasını və bu kimi digər işləri qeyd etmək olar. Məhz belə tədbirlərin həyata keçirilməsi qədim və mədəni irsimizə olan diqqətin bariz nümunəsidir.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi təqdirəlayiqdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təçəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Həmçinin BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Bundan başqa 26 avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. Bütün bunlar mənəvi dəyərlərimizə olan diqqətin bariz nümunəsidir. Fondun bu istiqamətdə gördüyü bütün tədbirlər adət-ənənələrimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində öz töhfəsini verməkdədir. Bu gün qürur hissilə deyə bilərik ki, Azərbaycan qazandığı uğurları ilə ön sıralarda addımlamağı bacaran ölkələr sırasındadır. Bu da hər birimizin fəxr edəcəyi böyük nailiyyətdir.

 

 

           Sahib Aslanov,

           Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri,

           YAP Hacıqabul rayon təşkilatının veteran.