Müstəqilliyimiz milli sərvətimizdir

2025-05-27 Baxış: 39
img

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində AXC-nin qurucularının– Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Şərqdə ilk demokratik respublika olan AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması vəzifələri AXC hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Yarandığı gündən Azərbaycanın milli dövlətçiliyini formalaşdıran, xalqın sosial və mənəvi tərəqqi yolu ilə irəliləməsinə, milli özünüdərk şüurunun yetişməsinə, yüksəlməsinə, dünya sivlizasiyasına qovuşmasına şərait yaradan hökumət üzvləri müəyyən mənada istəklərinə nail oldular. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan yaratmışdı. Sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi.

Azadlıq istəyi AXC-nin İstiqlal Bəyannaməsində də qeyd olunurdu: «Bütün azadlıqlardan uca tutduğumuz ən qiymətli azadlıq bizim müstəqilliyimzdir. Biz onu göz bəbəyi kim qoruyacağıq.» Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olmuşdur. «Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onunla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olunmasına gətirib çıxarmışdı.»

İkinci Qarabağ müharibəsindəki Zəfərimiz AXC qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri zəhmətin, ideyalarının reallaşması idi. 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə, 23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan Cümhuriyyət fədailərinin istəklərini doğruldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev varisilik ənənələrini qətiyyəti, siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi. Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri eyni zamanda AXC qurucularının müstəqillik ideyalarına sadiqlik rəmzi idi.

Ərazicə kiçik olsa da, dünyada qazandığı etibar və etimadı ilə süpergüclərlə eyni səviyyədə dayanan ölkəmizi söz sahibliyi zirvəsinə qaldıran Prezident İlham Əliyevin zəfər diplomatiyasının uğurları kimi, coğrafiyasının hüdudları da genişlənir. Dövlət başçımızın ikitərəfli və çoxtərəfli xarici siyasətinin, təşəbbüskarı olduğu qlobal layihələrin beynəlxalq səviyyədə dəstəklənməsinin, ölkəmizə artan marağın məntiqi nəticəsi respublikamız haqqında söylənilən «Narahat dünyamızda Azərbaycan kimi dövlətlərin çalışmalarına ehtiyac var» deyimidir. Regional və qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlət kimi ölkəmizin söz sahibliyini siyasi iradəsi, qüdrəti ilə təsdiqləyən Prezident İlham Əliyevin Liderliyi sayəsində Müstəqillik Günü ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində qeyd olunur, Dövlət Bayrağımız Ermənistanın işğalından azad olunan şəhər və kəndlərdə, yüksək zirvələrdə dalğalanır. Ölkəmizin dünyanın enerji və nəqliyyat xərtəsinin dəyişməsi reallığının beynəlxalq səviyyədə dəstəklənməsi müstəqilliyimizin məntiqi nəticəsidir. Türk Dövlətləri Təşkilatına (TDT), Qoşulmama Hərəkatına (QH) və digər mühüm qurumlara sədrliyi müddətində həyata keçirdiyi yeniliklərlə də Azərbaycanı dünyada multikultural dəyərlərə sadiq tolerant dövlət kimi tanıdan Prezident İlham Əliyev ölkəmizi «yaşıl enerji», alternativ enereji məkanı kimi də tanıdır. Bu il COP29-a ev sahibliyimiz və bu istiqamətdə görülən işlər, bərpaolunan enerji sahəsində atılan mühüm addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməkdə olan «ağıllı şəhər»” və «ağıllı kənd»” konsepsiyası, «xalis sıfır emissiya” zonası» və «yaşıl enerji»” layihələrinin icrası günümüzün reallığıdır.

 

Bayram Xudayarov,

YAP Hacıqabul rayon təşkilatının fəalı.