Zirvə diplomatiyasında Azərbaycan imzası

2025-05-29 Baxış: 137
img
Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, üzv dövlətlər arasında siyasi koordinasiyanın gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni strateji platformaların formalaşdırılması baxımından əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin çıxışında təqdim olunan məqamlar, Azərbaycanın Türk dünyasında lider mövqeyinin getdikcə möhkəmləndiyini göstərir. Qeyri-rəsmi Zirvə görüşünün təşkili, ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada baş tutmuş bu formatın uğurlu davamı kimi qiymətləndirilə bilər.Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması və yeni hava limanlarının istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın ərazisindən keçən tranzit daşımalarının 2024-cü ildə 11 milyon tona çatması Avrasiya dəhlizlərində ölkəmizin artan əhəmiyyətini təsdiqləyir. İqlim dəyişikliyi ilə mübarizə sahəsində əldə olunan uğurlar da Azərbaycanın qlobal liderliyini gücləndirir. COP29 çərçivəsində imzalanmış razılaşmalar təkcə iqlim gündəliyinə töhfə vermir, həm də inkişaf etməkdə olan ölkələr üçün ədalətli keçid imkanlarını genişləndirir. “Bakı sıçrayışı” adı ilə tarixə düşən bu tədbir, Azərbaycanın diplomatik və texniki potensialının sinerjisini nümayiş etdirdi. Əldə olunan razılaşmalardan biri - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişi - gələcəkdə türk dövlətləri arasında energetika sahəsində qarşılıqlı asılılığın azaldılması və birgə ixrac marşrutlarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Xəzər-Qara dəniz marşrutu üzrə yaşıl enerjinin ixracı bu əməkdaşlığın praktiki nəticələrindən biri olacaq. Bu Zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan yalnız coğrafi deyil, həm də siyasi və iqtisadi baxımdan Türk dünyasının inteqrasiyasında əsas aparıcı qüvvələrdən birinə çevrilmişdir. Bu liderlik, uzunmüddətli strateji planlamaya və prinsipial mövqeyə əsaslanır.

Fərid Mustafayev,
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini