Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, həm də geosiyasi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi
fikirlər dünya ictimaiyyətinin diqqətini yenidən ölkəmizin enerji siyasətinə və
qlobal təşəbbüslərinə yönəldib. Enerji sahəsində böyük təcrübəyə malik olan Azərbaycan
bu mötəbər tədbirlə həm tarixi nailiyyətlərini, həm də gələcəyə dair hədəflərini
bir daha nümayiş etdirdi.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev
bildirib ki, «Əsrin müqaviləsi» regionda geosiyasi və geoiqtisadi vəziyyəti
dəyişdirdi: «Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur
və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri
konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, «Əsrin müqaviləsi»
adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi».
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən enerji diplomatiyası Ulu Öndərin neft
strategiyasının davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı
kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz
sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də
iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən
şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici
borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta
ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının
nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki
investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb.
İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün
müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları
yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib.
Bu gün Azərbaycanın enerji siyasəti yalnız
iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Xəzər
dənizindən Qara və Aralıq dənizləri istiqamətində uzanan Bakı–Tbilisi–Ceyhan
neft kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi qlobal enerji
xəritəsində əsas aktorlardan birinə çevirib. Bu gün Azərbaycan təbii qazı 12
ölkəyə ixrac edir və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Təkcə 2024-cü
ildə 25 milyard kubmetr qaz ixrac olunub, 2030-cu ilədək isə bu göstəricinin 33
milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeni kəşf edilmiş yataqlardan
hasilatın artması və müasir texnologiyaların tətbiqi bu məqsədlərə çatmaq üçün
möhkəm zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib ki, açıq dənizə çıxışı
olmayan ölkə olmağımıza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat
qovşaqlarının birinə çevrilmişik: «Çünki biz infrastruktur layihələrinə çox
böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində
Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.»
Ölkəmizin başçısının çıxışında, həmçinin Azərbaycanın
yaşıl enerji gündəliyinə də toxunub. 2030-cu ilə qədər ölkədə bərpaolunan
enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı
planlaşdırılır. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil
edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz
ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Bu məqsədlə xarici
investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam
etdirilir.
Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi
isə ölkənin beynəlxalq etimad qazandığını, iqlim dəyişiklikləri ilə mübarizədə
konstruktiv və məsuliyyətli mövqe sərgilədiyini göstərir. Real iqtisadi əsaslara
söykənən yaşıl keçid siyasəti həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət
baxımından balanslı yanaşma tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki,
bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: «Biz populizmdən, yalançı
narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının
praqmatik hesablamalarına əsaslanır.»
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri
İsmayıl İbrahimov
Digər xəbərlər



